2015-12-11
Buxarest şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 33-cü iclası

2015-ci ilin 11 dekabr tarixində Rumıniyanın Buxarest şəhərində QDİƏT XİNŞ-in 33-cü iclası keçirilmişdir. İclasa sədrlik edən Rumıniyanın Xarici işlər naziri Lazar Komanesku öz çıxışında QDİƏT-də Rumınıyanın sədrliyi dövründə görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat verərək Təşkilatın və onun əlaqəli qurumlarının səmərələliyinin artırılması zərurətini vurğulamışdır. Qara Dəniz regionunda iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayan nazir qeyd etmişdir ki, QDİƏT bu əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli platformadır.

QDİƏT Daimi beynəlxalq katibliyinin Baş katibi Maykl Kristides 2015-ci ilin ikinci yarısı üzrə Tərəqqi Hesabatını təqdim etmişdir. O öz çıxışında həmçinin dünyada baş verən siyasi proseslər və iqtisadi böhran fondunda Təşkilatın fəaliyyətinin artırılmasının önəmini qeyd etmişdir. QDİƏT üzv-dövlətlərinin Təşkilatın fəaliyyətindən gözləntilərinə cavab verilməsinin əhəmiyyətini diqqətə çatdıran Baş katib hazırkı dövrdə təşkilatın potensialından daha aktiv şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Rumıniyanın Təşkilata sədrliyi dövründə QDİƏT-in səmərəliliyinin artırılması istiqamətində görülmüş işlərin Azərbaycan tərəfindən müsbət qarşıladığını və qiymətləndirildiyini bildirmişdir. Regiondakı bəzi dövlətlərin əsassız ərazi iddiaları nəticəsində meydana çıxan silahlı münaqişələrin iqtisadi əlaqələrin genişləndirilməsi və onların səmərəliliyinin artırılması baxımından ən ciddi maneə olduğunu vurğulayan nazir müavini qeyd etmişdir ki, davam edən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmə siyasəti bu ölkə ilə iqtisadi əlaqələrin yaradılmasını mümkünsüz etmişdir. Bu baxımdan Ermənistan tərəfinin beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq öz işğalçı siyasətini davam etdirməsi, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması xüsusi vurğulanmışdır.

 

növbəti xəbər əvvəlki xəbər