2015-11-27
Buxarest şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Baş Assambleyasının 46-cı sessiyası

25-27 noyabr 2015-ci il tarixində Buxarest şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Baş Assambleyasının 46-cı sessiyası keçirilmişdir. İclasda Azərbaycanı Milli Məclisin QDİƏT PM-dəki nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən, qurumun sədr müavini, deputat Musa Quliyev təmsil etmişdir.
Sessiyada “QDİƏT regionunda davamlı inkişafın məqsədlərinin həyata keçirilməsi: parlamentarilərin iştirakı”, “Korrupsiyaya qarşı mübarizənin hüquqi əsaslarının gücləndirilməsində parlamentlərin rolu”, “Mədəni irsin qeyri-qanuni istifadəsi ilə mübarizə” mövzularında məruzələr dinlənilmiş, QDİƏT, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Beynəlxalq Tədqiqatlar  Mərkəzinin fəaliyyəti barədə məlumat verilmiş, maliyyə və təşkilati məsələlərə baxılmışdır. Sessiya çərçivəsində, eyni zamanda, QDİƏT PM Baş Assambleyasının Büro və Daimi komitəsinin iclasları keçirilmişdir.

Sonda QDİƏT PM üzv dövlətləri tərəfindən bəyannamə qəbul olunmuşdur. Bəyannamədə beynəlxalq terror aktları qəti şəkildə pislənilmiş və üzv dövlətlərin terrorla mübarizə üçün səylərinin artırılmasının əhəmiyyəti vurğulanmışdır.  

növbəti xəbər əvvəlki xəbər