2018-03-15
Ana Birçall: Rumıniya Azərbaycan ilə tərəfdaşlığa sadiqdir

Azərbaycan və Rumıniya əlaqələrinin böyük perspektivləri var. Münasibətlərimiz strateji səviyyəyə qalxıb.

Bu sözləri Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Ana Birçall Avropa İttifaqı üzvləri arasında ilk dəfə Rumıniyanın 2009-cu ildə Azərbaycanla strateji tərəfdaşlığın yaradılmasına dair razılaşma haqqında Birgə Bəyannamə imzaladığını söyləyib: "Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Hər iki ölkə prezidentlərinin bəyanatlarında səsləndirildiyi kimi, Azərbaycan və Rumıniya əlaqələri güclənir və çox yaxşı səviyyədədir".

Ötən il Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladan A.Birçall bu ilin iki ölkə üçün məxsusi səciyyə daşıdığını vurğulayıb: "Azərbaycan və Rumıniya müstəqilliklərinə qovuşmalarının 100 illiyini qeyd edir. Rumıniya Azərbaycan ilə tərəfdaşlığa sadiqdir. Bir sıra səviyyələrdə birgə işləyirik. Lakin biz bu strateji tərəfdaşlığı daha da möhkəmləndirmək istərdik".

İki ölkə arasındakı iqtisadi əlaqələrə də toxunan Baş nazirin müavini Qara dəniz, eləcə də Cənubi Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinin ölkəsi üçün prioritet olduğunu deyib: "Görüşlərimizdə əsas müzakirə mövzuları əlaqələrimizin daha geniş məcrada inkişaf etdirilməsi oldu. Biz Azərbaycan Hökuməti ilə daha sıx işləməyi səbirsizliklə gözləyirik. Qazandığınız beynəlxalq miqyaslı uğurlar münasibətilə sizi təbrik edirəm. Ümidvaram ki, rəsmilərin qarşılıqlı səfərləri daha da artaraq əlaqələrimizi daha da inkişaf etdirəcək".

“Cənub Qaz Dəhlizi” layihəsindən danışan Ana Birçall strateji əhəmiyyətli bu nəhəng layihənin nəqliyyat dəhlizinin, eləcə də enerji nəqlinin şaxələndirilməsinə xidmət etdiyini bildirərək qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyətə malikdir. Rumıniya bu irimiqyaslı layihəni tam dəstəkləyir.

növbəti xəbər əvvəlki xəbər