2019-01-21
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində anım mərasimi keçirilmişdir.

2019-cu ilin 21 yanvar tarixində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində anım mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov 20 yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu qeyd edərək, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əmin olduğunu diqqətə çatdırmışdır.

Tədbir zamanı 1990-cı il 20 yanvar tarixində sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılmış, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının, mülki əhalinin vəhşicəsinə qətlə yetirilməsindən bəhs edilmişdir. Faciə zamanı 147 nəfərin qətlə yetirildiyi və 744 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanmışdır. Ümummilli Liderin Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətindən bəhs edən səfir Hüseyn Nəcəfov, həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Səfir Hüseyn Nəcəfov çıxışını yekunlaşdıraraq, tədbir iştirakçılarını 20 yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinə dəvət etmişdir.

Sonra tədbir iştirakçılarına 20 yanvar faciəsinə dair filmlər nümayiş olunmuşdur.

Tədbirdə Rumıniyalı ziyalılar, tələbələr, KİV nümayəndələri,  “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Tədbir iştirakçıları daha sonra Səfirlikdə təşkil edilmiş Qanlı Yanvar faciəsini özündə əks etdirən kitab və foto sərgisi ilə tanış olmuşdurlar.

Eyni zamanda, Səfirliyin təşəbbüsü ilə Rumıniyanın milli xəbər agentliyi olan “Agerpres”-in internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalə dərc olunmuşdur. Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.agerpres.ro/ots/2019/01/21/20-ianuarie-un-simbol-al-luptei-pentru-suveranitate-independenta-si-integritate-teritoriala-a-azerbaidjanului--639116

növbəti xəbər əvvəlki xəbər