Azərbaycan Respublikası vətəndaşlarının pasportu

Qanun qarşısında məsuliyyət və məhdudiyyətlər

I. Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən imtina edilən hallar.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, aşağıdakı hallarda vətəndaşa pasportun verilməsindən imtina edilir:
- “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək müvəqqəti məhdudlaşdırılmalı olduğu hallar aşkar edildikdə;

Yəni:
vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda – barəsində cinayət təqibi üzrə icraat başa çatanadək;
məhkum edildikdə – cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək;
barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə -tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlərin aparılmasınadək;

Diqqət! Bu halda ölkədən getmək və ölkəyə gəlmək hüququ hüquq həmçinin dayandırıla bilər.

Qanunla müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıda  müddətli həqiqi hərbi xidmət başa çatanadək (komandanlığın müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş, icazəsi istisnanın tətbiqinə əsasdır).

- pasport verilməsi üçün müraciət edən vətəndaş özü barəsində bilərəkdən yanlış məlumat verdikdə, yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd (və ya natamam) təqdim olunduqda;

- Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət sirrinin və ya hərbi sirrin mühafizəsi ilə əlaqədar.
Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin isə tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu hallarda müvafiq dövlət orqanı tərəfindən imtina qərarı və onu doğuran səbəblər pasportun verilməsinə dair müraciət etmiş ərizəçinin/vəsatət verən qurumum nəzərinə çatdırılır. Pasportun verilməsinə dair ərizəyə/vəsatətə imtinanı doğuran səbəblər aradan qalxdıqdan və yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.

Pasport verilməsi haqqında ərizəyə/vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə/vəsatətə baxılmaqda imtina edilməsindən Azərbaycan Respublikasının vətəndaşları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 332) əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə və ya onun verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə – səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

II. Pasport Azərbaycan Respublikasının mülkiyyətidir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır!
Bununla belə, hər bir vətəndaş pasportunu möhkəm saxlamağa borcludur!
Əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkə ərazisində olarkən pasportunu itirərsə, və yaxud onun pasportun oğurlanarsa, yararsız hala düşərsə (qəsdən korlanarsa) və etibarlılıq müddəti bitərsə, vətəndaş bu barədə dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verilməlidir.
Bu halda vətəndaşın arzusundan asılı olaraq və qanunvericiliklə müəyyən olunmuş qaydada müraciəti əsasında Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən ona:

- ya Azərbaycan Respublikasına geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi qayıdış şəhadətnaməsi verilə bilər;

- ya da Azərbaycan Respublikası vətəndaşının yeni pasportunun əldə olunması üçün zəruri tədbirlərin və konsul əməliyyatlarının həyata keçirilməsi ilə yardım göstərilə bilər.

Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşlarına tövsiyə olunur ki, malik olduqları Azərbaycan Respublikası vətəndaşının pasportu xarici ölkə ərazisində itdikdə və ya oğurlandıqda təcili zəruri hüquqi yardım və axtarış tədbirlərinin görülməsi üçün həmçinin müvafiq xarici ölkənin hüquq-mühafizə orqanlarına müraciət edilsin.

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə, yaxud ölkədən getməyin və ölkəyə gəlməyin qanunla müəyyənləşdirilmiş qaydaları pozulduqda təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 331) əsasən, vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 

- Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanları (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);

- Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən on beş manatdan iyirmi beş manatadək miqdarda inzibati cərimə edilməklə müvafiq qaydada məsuliyyətə cəlb edilə bilərlər.
Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşının pasportu xarici ölkə ərazisində yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya vətəndaş vəfat etdikdə müvafiq pasport dərhal

- Azərbaycan Respublikasının ərazisində müvafiq icra hakimiyyəti orqanlarına (səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi);

- Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının müvafiq ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verilməlidir.

III. Azərbaycan Respublikası vətəndaşının diplomatik və ya xidməti pasport sahibinə kömək və havadarlıq göstərilməsi.

Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.

Eyni zamanda, Azərbaycan Respublikasının xaricdə olan səlahiyyətli şəxsləri Azərbaycan Respublikası vətəndaşının xidməti pasportunun sahibinə xaricdə xidməti vəzifələrini yerinə yetirməkdə kömək göstərməyə borcludurlar

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (338-ci maddə) əsasən, diplomatik və ya xidməti pasport sahibinə zəruri hallarda kömək və havadarlıq göstərilməməsinə görə vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir.

Ümumi məlumatlar

Anlayışı  və növləri

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən, bütün ölkələrə getmək üçün etibarlı olan rəsmi sənəddir.

Azərbaycan Respublikası vətəndaşının pasportunun 3 növü vardır:

1. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportu – etibarlılıq müddəti 10 ildir (P seriyalı);

2. Azərbaycan Respublikası vətəndaşının xidməti pasportu – etibarlılıq müddəti 5 il və ya sahibinin səlahiyyəti müddəti qədər ola bilər (S seriyalı);

3. Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportu – etibarlılıq müddəti 5 il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddət ola bilər (D seriyalı).

Təyinatı.

Azərbaycan Respublikası vətəndaşının pasportunun təyinatı – etibarlılıq müddəti ərzində çoxsaylı sərhədkeçmə aktını həyata keçirməklə vətəndaşın Azərbaycan Respublikasından getmək, xarici ölkə ərazisində yaşamaq, Azərbaycan Respublikasına gəlmək hüququnu təmin etmək; xarici ölkə ərazisində vətəndaşın şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq etməkdir.
Azərbaycan Respublikası vətəndaşının pasportunun təyinatından kənar məqsədlərlə istifadə edilməsi qadağandır!
Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportu əlavə olaraq, sahibinə xarici ölkə ərazisində diplomatik immunitetdən istifadə etmək hüququ verir.

Ümumvətəndaş pasportu

Ümumi məlumat

Anlayışı. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.
Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.
Etibarlılıq müddəti. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir.
Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.
Diqqət! Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar xarici ölkələrə səfər etmək üçün viza əldə etmək məqsədilə (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında razılaşma olan ölkələrdən başqa) müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.
Diqqət! Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan, təhsil alan Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğunda konsulluq uçotuna alınmalı və belə vətəndaşın pasportunda bu barədə qeyd edilməli, möhürlə təsdiqlənməlidir.

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun verilməsindən imtina edilən hallar:

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, aşağıdakı hallarda pasport verilməsi üçün müraciət edən vətəndaşa pasportun verilməsindən imtina edilir:
1. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək müvəqqəti məhdudlaşdırılmalı olduğu hallar aşkar edildikdə;
Yəni:

  • vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda – barəsində cinayət təqibi üzrə icraat başa çatanadək;
     
  • məhkum edildikdə – cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək;
     
  • barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
     
  • beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlərin aparılmasınadək;
     
  • Diqqət! Bu halda ölkədən getmək və ölkəyə gəlmək hüququ   həmçinin dayandırıla bilər.
     
  • O qanunla müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müddətli həqiqi hərbi xidmət başa çatanadək (komandanlığın müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş, icazəsi istisnanın tətbiqinə əsasdır).

2. pasport verilməsi üçün müraciət edən vətəndaş özü barəsində bilərəkdən yanlış məlumat verdikdə, yalan məlumat yazılmış, qüvvədən düşmüş və ya natamam tərtib olunmuş sənəd təqdim olunduqda;

3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət sirrinin və ya hərbi sirrin mühafizəsi ilə əlaqədar.
Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin isə tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Pasport verilməsi haqqında ərizəyə/vəsatətə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə/vəsatətə baxılmaqda imtina edilməsindən Azərbaycan Respublikasının vətəndaşları inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (maddə 332) əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə və ya onun verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

 pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

 Qeyd

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa ümumvətəndaş pasportunun verilməsi üçün sənədləri onun qanuni nümayəndəsi təqdim edir. Bu zaman şəxs qanuni nümayəndəlik hüququnu təsdiq edən sənədləri də təqdim etməlidir.

Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.

Etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir. 

Aşağıdakı hallarda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır:
1) vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – müvafiq olaraq barəsində cinayət təqibi üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;

2) vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda — müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək.
Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər.
Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.
Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün dövlət rüsumu alınır.
Pasportun üzərində və ya elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

Ümumvətəndaş pasportunun itirilməsinə və qəsdən korlanmasına görə inzibati cərimə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə 30 AZN miqdarında cərimə edilirlər.