2018-03-15
Azərbaycan Rumıniya ilə əlaqələrin inkişafında maraqlıdır

Martın 15-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov Azərbaycanla Rumıniya arasında hələ tarixən dost münasibətlərin olduğunu bildirib. Qeyd olunub ki, Rumıniya həmişə beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının göstəricisidir. Biz münasibətlərimizin daha da dərinləşməsində maraqlıyıq.

Bildirilib ki, dövlətlərarası münasibətlərin inkişafında ölkə başçılarının xüsusi rolu var. İki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb və ratifikasiya edilib. Qarşılıqlı səfərlər parlamentlərarası əlaqələrin də inkişafına müsbət təsir edən vacib amildir.

Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə də məlumat verilib.

Viktor Paul Dobre Bakı barədə xoş təəssüratlarını bölüşüb. Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyindən danışıb.

Görüşdə parlamentlərarası münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

back news prev news