2018-02-26
Buxarestdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.

Anım mərasimində Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla anıblar. Çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından didərgin düşməsindən, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıblar.

Çıxışlarda “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında da məlumat verilib, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin yayılmasında diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması Rumıniyanın yerli kütləvi informasiya vasitələrinə, Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib. Rumıniyanın milli xəbər agentliyi olan “AGERPRES”də Xocalı faciəsi barədə məlumat yerləşdirilib və səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı məlumatlar paylaşılıb.

back news prev news