2018-12-13
2018-ci ilin 13 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi keçirilmişdir.

2018-ci ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycanın Rumıniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Rumıniyanın paytaxtı Buxarest şəhərində növbəti anım mərasimi keçirilmişdir.

Buxarest şəhərində yerləşən Ramada mehmanxanasının konfrans zalında keçirilmiş tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi təşkil edilmişdir. Daha sonra tədbir rəsmi hissə ilə davam etdirilmişdir.

İlk öncə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış etmiş Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanın yeni tarixinin bütöv hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmiş, Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi sayəsində ölkəmizin parçalanmaqdan xilas edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir H.Nəcəfov Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xəttinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. 

Tədbirdə iştirak etmiş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək dahi lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq idealogiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən danışmışdır.

Fəxri qonaq qismində tədbirdə iştirak etmiş Rumıniyanın sabiq prezidenti, Heydər Əliyevin yaxın dostu Emil Konstantinesku çıxış edərək Ulu Öndərlə bağlı xatirələrini bölüşmüş, Ümummilli Liderə məxsus müdriklik, qətiyyət, siyasi uzaqgörənlik, realizm və novatorluq kimi şəxsi keyfiyyətlərindən bəhs etmiş, iki ölkə arasındakı münasibətlərin inkişafında Heydər Əliyevin əvəzsiz rolu olduğunu vurğulamışdır.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş “Böyük ömrün anları” adlı sənədli film nümayiş olunmuşdur.

Keçirilmiş tədbirdə Rumıniya Parlamentinin Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun sədr müavini Georgi-Dinu Sokotar, Rumıniya Parlamentinin digər üzvləri, Rumıniyada akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Buxarest Universitetinin professor-müəllim və  tələbə heyəti, “SOCAR Petroleum S.A.” şirkətinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar da iştirak etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər