2019-02-26
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasim keçirilmişdir.

Cari ilin fevral ayının 26-da Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasim keçirilmişdir.

Anım mərasimində çıxış edən, səfir Hüseyn Nəcəfov qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla yüzlərlə günahsız dinc əhaliyə qarşı ən qəddar cinayətlər törətmişdirlər.

Səfir H.Nəcəfov bildirmişdir ki, erməni milliyyətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətliam nəticəsində  106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 76-sı uşaq olmaqla 487 nəfər yaralanmışdır.

Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsubiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də, beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin bir soyqırım olması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Ovaxtkı Azərbaycan hakimiyyətinin bu qanlı qırğın haqqında obyektiv məlumatın dünya ictimaiyyətinə çatdırılması və bu cinayətə siyasi qiymət verilməsi üçün heç nə etmədiyi bildirilmişdir. Səfir qeyd etmişdir ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə düzgün siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən 26 fevral, Xocalı soyqırımı günü elan edildi.

Səfir bildirmişdir ki, bu gün Azərbaycan, Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş bir soyqırım olaraq tanıdılması və bu haqda bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yolunda məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

H.Nəcəfov həmçinin qeyd etmişdir ki, 8 may, 2008-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatının Gənclər forumunun mədəniyyətlərarası dialoqu üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” adlı beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılmış, bu müddət ərzində “Xocalıya ədalət” kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilmişdir.

Səfir H.Nəcəfov Xocalı soyqırımının ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində  ürəkağrısı ilə qeyd olunduğunu bildirmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar ölkə başçısı İlham Əliyevin iştirakı ilə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə yürüş keçirildiyi diqqətə çatdırılmışdır. Daha sonra H.Nəcəfov vurğulamışdır ki, AR Prezidenti İlham Əliyev tərəfindən Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirilir. Prezidentin qeyd etdiyi kimi, xalqımız heç vaxt Ermənistanın ölkəmizə qarşı təcavüzkar münasibətinin nəticəsi ilə barışmayacaqdır.

Dünyanın 16 ölkəsi, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlığı Təşkilatı, eləcə də 24 Amerika ştatının icraedici orqanları Xocalıda baş vermiş bu hadisənin insanlığa qarşı yönəldildiyini və soyqırım olduğunu təsdiq etdikləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Səfir Hüseyn Nəcəfov çıxışını yekunlaşdıraraq, tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.

Anım mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun məsləhəti ilə çəkilmiş “Xocalı Faciəsi” sənədli filmi, eləcə də digər video materiallar nümayiş olunmuşdur.

Səfirlikdə həmçinin, Xocalı soyqırımını özündə əks etdirən kitab və foto sərgisi təşkil edilmişdir.

növbəti xəbər əvvəlki xəbər