2019-05-28
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən 28 may – Respublika Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

27 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən 28 may – Respublika Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilmişdir.

Tədbirdə Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall, Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku, Rumıniya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun sədri Viktor-Paul Dobre, Rumıniya Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, Parlament üzvləri, siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti, yerli özünüidarəetmə və hüquq mühafizə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbirdə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilmişdir. Qəbulu giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov Respublika Günü və Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda qonaqları salamlayaraq, mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan olunduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

Azərbaycanın Milli Şurası tərəfindən 1918-ci il mayın 28-də “Müstəqillik Bəyannaməsi”nin elan olunmasının Azərbaycan dövlətçiliyinin parlament demokratiyası formasında bərpa olunduğu tarixi hadisə kimi vurğulayan səfir Hüseyn Nəcəfov həmin günü Azərbaycanın etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşına bütün mülki və siyasi hüquqları təmin edən demokratik respublika elan olunduğunu qeyd etmişdir. Səfir, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, qısa dövr ərzində keçdiyi inkişaf prosesindən, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar haqda məlumat vermişdir.

H.Nəcəfov, Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlətçilik atributlarına – parlament, hökumət, ordu, milli valyutaya və s. sahib olduğunu qeyd etmişdir. Səfir həmçinin, ilk Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin də 1918-ci ildən fəaliyyət göstərdiyini, təsis edilmə haqqında sənədin 1919-cu ildə imzalandığını vurğulamışdır.  

Səfir əlavə etmişdir ki, Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrini bərpa və inkişaf etdirdiyini, bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik iqtisadi inkişafa, praqmatik xarici siyasətə malik islahatcıl və tolerant ölkə kimi tanındığını diqqətə çatdırmışdır. H.Nəcəfov ölkəmizdə sosial-iqtisadi inkişafın bariz nümunəsi olaraq, cari ilin 6 aprel tarixində ölkəmiz üçün əlamətdar hadisənin baş verdiyini, Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəldiyini qeyd etmişdir.

Səfir, Ermənistanın işğalı nəticəsində torpaqlarımızın 20%-nin itirilməsinə, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, ölkəmizin iqtisadi, siyasi, sosial və diplomatiya sahəsində önəmli uğurlar əldə etdiyini qeyd etmişdir. H.Nəcəfov qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğunu və Azərbaycan-Rumıniya  münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulamışdır. Bu il ölkələrimizin Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanmasının 10-cu ildönümünü qeyd etdiyini bildirən H.Nəcəfov, iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qonaqların diqqətinə çatdırmışdır.

Səfirin çıxışından sonra fəxri qonaq qismində Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall çıxış etmişdir.

Ana Birçall Rumıniya Baş naziri xanım Viorika Dençilanın adından Azərbaycan xalqını bu əlamətdar gün münasibəti ilə təbrik etmişdir.

Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrə toxunan A.Birçal, Rumıniyanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, bir neçə ay sonra isə iki ölkə arasında diplomatik əlaqələrin qurulduğunu bildirmişdir. Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin inkişafından bəhs edən Baş nazirin müavini, cari ilin 4 mart tarixində Buxarest şəhərində keçirilmiş Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzrə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Türkmənistanın xarici işlər nazirlərinin dördtərəfli görüşünü yüksək qiymətləndirmişdir. Xanım A.Birçal eyni zamanda Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətini ölkələr arasında sözügedən sahələr üzrə əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd etmişdir. A.Birçal enerji, nəqliyyat, turizm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin Rumıniya hökuməti qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulamışdır.

Baş nazirin müavini əlavə etmişdir ki, Rumıniya Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni müqavilə üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir və bu danışıqların uğurla yekunlaşdırılması üçün səylərini əsirgəməyəcəklər. Bununla yanaşı, Rumıniyanın Azərbaycan ilə NATO arasında əməkdaşlığında rolundan bəhs olunmuşdur.

Ana Birçal dəfələrlə Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olduğunu, səfərlər çərçivəsində AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla qeyd etmiş, bunun ölkələrimiz arasında dost münasibətlərinin bariz nümunəsi olduğunu bildirmişdir. Xanım A.Birçal fəaliyyət istiqamətinin Rumıniyanın Strateji Tərəfdaşlıqlarının həyata keçirilməsi olduğunu və Azərbaycanın Rumıniyanın 14 Strateji Tərəfdaşından biri olduğunu bildirərək, öz şəxsi və Rumıniya hökuməti adından ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi və dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulamışdır.

Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 100 iliyinə həsr olunmuş buraxılışı və rumın dilində ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı müxtəlif kitablar və broşürlər qonaqların diqqətinə təqdim olunmuşdur.

Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən video-çarxlar nümayiş etdirilmiş, milli mahnılarımız səsləndirilmiş, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər