2019-05-28
Buxarest şəhərində Bakı Dövlət Universitetinin yaranmasının 100 illik yubileyi qeyd olunmuşdur

28 may 2019-cu il tarixində Buxarest şəhərində Bakı Dövlət Universitetinin yaranmasının 100 illik yubileyi qeyd olunmuşdur.

Konfransda Buxarest Dövlət Universitetinin rektoru Mirçea Dumitru, Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov, Bakı Dövlət Universitetinin rektor müşaviri Əli Nağıyev, AMEA-nın həqiqi üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, Zaporijia Milli Texniki Universitetinin professoru Sergi Belikov, Sapienza Universiteti nəzdində Avropa Universitetləri Şəbəkəsinin rektor müavini Luçiano Saso, Ovidius Universitetinin Nanotexnologiyalar və Alternativ Enerji Mənbələri İnstitutunun direktoru Mamut Eden çıxış etmişlər.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının yaranma tarixindən indiyədək keçdiyi dövr ərzində dövlətçilik, sosial-iqtisadi inkişaf, elm və təhsil sahəsində atılmış addımlardan bəhs etmişdir. Sözügedən dövr ərzində əlamətdar hadisə kimi Azərbaycanın ilk ali təhsil müəssisəsi – Bakı Dövlət Universitetinin yaranmasının elm-təhsil sahəsində atılmış ən vacib addımlardan olduğu qeyd olunmuşdur.

Tədbirdə çıxış edən Səfir Hüseyn Nəcəfov Müasir Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin Bakı Dövət Universitetində təhsil aldığını xüsusi vurğulamışdır. Eyni zamanda, Nobel mükafatı laureatı Lev Landau və bir sıra alim, ziyalı və görkəmli siyasətçilərin təhsil aldığı sözügedən təhsin ocağının, tarix boyu ölkənin elm və milli-düşüncə mərkəzi olduğu qeyd edilmişdir.

Həmçinin tədbir çərçivəsində region ölkələrinin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, birgə elmi araşdırma və qarşıda duran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Konfransın yekununda Buxarest Dövlət Universitetinin rektoru Mirçea Dumitru tərəfindən rəsmi qonaqlara təltiflər təqdim edilmiş, birgə xatirə şəkli çəkilmişdir.

Tədbir daha sonra universitetlərin müəllim-professor heyətinin iştirakı ilə plenar iclaslar formatında davam etdirilmişdir.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən təşkil edilmiş ziyafətə qatılmışdırlar.

növbəti xəbər əvvəlki xəbər