2020-02-27
Xocalı soyqırımı qurbanlarının xatirəsi Rumıniyada anılıb

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.

Anım mərasimində Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, ziyalılar, Buxarest universitetlərinin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, yerli KİV nümayəndələri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla yüzlərlə günahsız dinc əhaliyə qarşı ən qəddar cinayətlər törədiblər.

Səfir bildirib ki, erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insan olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib, 1275 sakin girov götürülüb, 155 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb. Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsubiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Diplomat deyib ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib. Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanıdılması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox ölkədə müxtəlif tədbirlər təşkil edilib.

Səfir hər il Xocalı soyqırımının ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunduğunu deyib. H.Nəcəfov tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Diplomatın çıxışından sonra Rumıniyanın tanınmış aktrisası Dorina Qitsesku dəhşətli faciə haqqında öz təəssüratlarını bölüşüb və müəllifi olduğu Xocalı soyqırımına həsr olunmuş şeiri tədbir iştirakçılarına oxuyub. Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı “Justice for Khojaly” adlı film nümayiş olunub.

Sonda səfirlikdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi təşkil edilib. Xocalıda törədilən vəhşilikləri əks etdirən fotoşəkillər və xarici ölkələrin nüfuzlu nəşrlərində bu faciə barədə dərc edilmiş materiallar, rumın, ingilis və digər dillərdə broşürlər, kitablar, CD-lər tədbir iştirakçılarına nümayiş etdirilib.

KHOJALY 2020 1

KHOJALY 2020 2

KHOJALY 2020 3

KHOJALY 2020 4

növbəti xəbər əvvəlki xəbər