Rumıniyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin, eləcə də vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov ötən əsrin 80-90-cı illərinin tarixi xronikasına toxunaraq bildirib ki, Azərbaycan xalqı məruz qaldığı ayrı-seçkiliyə etiraz olaraq iradəsini ortaya qoymuş, törədilən qanlı cinayətlərə boyun əyməmiş və milli birliyini nümayiş etdirərək suverenliyinə və müstəqilliyinə qovuşub.
Səfir, həmçinin 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışıb və vurğulayıb ki, 44 günlük Vətən müharibəsində xalqımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbə sarsılmaz iradəmizin nəticəsidir.
Tədbir çərçivəsində iştirakçılar üçün Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Diplomatik nümayəndəlikdə, həmçinin fotosərgi təşkil olunub və qonaqlar üçün ehsan süfrəsi təqdim edilib.



