2026-05-21

Buxarestdə “Müstəqillikdən Qlobal Baxışa: Azərbaycan” mövzusunda tədbir təşkil olunub

Mübadilə proqramı çərçivəsində Rumıniya-Amerikan Universitetində təhsil alan ADA Universiteti tələbələri Nərmin Əhmədova və Gülay Qurbanovanın təşəbbüsü ilə “Müstəqillikdən Qlobal Baxışa: Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirin məqsədi Azərbaycanın tarixi inkişaf yolunun, milli-mədəni dəyərlərinin və müasir dövrdə qazandığı uğurların beynəlxalq tələbələr və akademik ictimaiyyət arasında tanıdılması olub.

Tədbirdə Rumıniya-Amerikan Universitetinin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyini tədbirdə müşavir Fəxri Kərimli təmsil edib.

Tədbir Azərbaycan və Rumıniya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın tarixi, mədəniyyəti, milli kimliyi və müasir inkişafını əks etdirən açılış videosu nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən müşavir Fəxri Kərimli Azərbaycan-Rumıniya münasibətlərinin əhəmiyyətindən, gənclərin beynəlxalq əməkdaşlıqda rolundan danışıb. O, həmçinin Rumıniya-Amerikan Universitetinin tələbələr üçün sadəcə təhsil müəssisəsi deyil, eyni zamanda bir ev və inkişaf mühiti olduğunu vurğulayıb.

Daha sonra universitetin prorektoru, professor Tudor Edu çıxış edərək belə tədbirlərin mədəniyyətlərarası dialoqun və beynəlxalq dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyini bildirib.

Tədbir çərçivəsində Azərbaycanın dövlətçilik tarixi, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, Ümummilli Lider Heydər Əliyevin ölkənin müstəqilliyinin qorunması və dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət haqqında məlumat verilib. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, COP29, Formula 1 yarışları və Eurovision Mahnı Müsabiqəsi kimi qlobal tədbirlərə ev sahibliyi etməsi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin davamında müxtəlif ölkələrdən olan Erasmus tələbələrinin çıxışları təqdim olunub, xalqlar arasında dostluq və mədəni əlaqələrin əhəmiyyəti vurğulanıb.

Tədbir Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə yekunlaşıb.

 

Arxiv üzrə axtarış