2026-07-10

Azərbaycanlı gənclər beynəlxalq caz müsabiqəsinin mükafatçısı oldular

Azərbaycanın Məcaz qrupu Rumıniyanın paytaxtı Buxarestdə Avropanın nüfuzlu beynəlxalq musiqi forumlarından biri olan EUROPAfest 2026 çərçivəsində keçirilən Bucharest International Jazz Competition 2026 beynəlxalq müsabiqəsinin mükafatçısı olublar.

Müsabiqədə dünyanın 20-dən çox ölkəsindən ifaçılar iştirak ediblər. Qrupun tərkibinə pianoçu Məhəmməd Allahverdiyev, kontrabas ifaçısı Nicat Paşazadə və zərb alətləri ifaçısı Həsən Bilalov daxildir.

Azərbaycanlı musiqiçilər həmçinin EUROPAfest 2026 çərçivəsində solo konsert proqramı ilə çıxış edərək beynəlxalq auditoriyanı öz yaradıcılıqları və caz sənətinə müasir baxışları ilə tanış ediblər. Kollektivin parlaq çıxışı tamaşaçılar və peşəkar musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

EUROPAfest Rumıniyanın ən iri beynəlxalq musiqi festivallarından biridir. 1993-cü ildən keçirilən festival dünyanın müxtəlif ölkələrindən caz, blüz, pop və klassik musiqi ifaçılarını bir araya gətirir. Hər il onlarla ölkədən yüzlərlə musiqiçinin qatıldığı festival zəngin konsert proqramları, ustad dərsləri, yaradıcılıq görüşləri və beynəlxalq müsabiqələrlə yadda qalır. Festival 2005-ci ildən etibarən Rumıniya Kral Evinin yüksək himayəsi altında keçirilir və EFFE (Europe's Finest Festivals) keyfiyyət nişanı ilə Avropanın ən əhəmiyyətli mədəni tədbirlərindən biri kimi tanınır.

Arxiv üzrə axtarış