2025-02-20

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov ilə Rumıniya Senatının sədri vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean arasında keçirilən görüşə dair press-reliz

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov bu gün Rumıniya Senatının sədri vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean ilə görüşüb.

Danışıqlarda iki ölkə arasında mükəmməl səviyyədə olan ikitərəfli münasibətlər, iqtisadi və enerji sahəsində əməkdaşlıq və Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən Azərbaycan ilə Rumıniya arasında parlamentlərarası əlaqələrin keyfiyyəti vurğulanıb. Hər iki tərəf bu əlaqələrin iki ölkənin parlamentləri arasında daha sıx əməkdaşlıq yolu ilə dərinləşdirilməsini arzuladıqlarını bildiriblər.

Mirça Abrudean vurğulayıb ki, Rumıniya Azərbaycanın etibarlı dostu olaraq qalır, belə ki, iki ölkə arasında strateji əməkdaşlıq tarixinə əsaslanan möhkəm əlaqələr mövcuddur. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət və 2009-cu ildə Azərbaycanla Strateji Tərəfdaşlıq quran ilk Aİ-yə üzv dövlət olub.

Cənubi Qafqazda təhlükəsizlik məsələsi ilə bağlı Mirça Abrudean Rumıniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bir daha vurğulayıb, Rumıniyanın bütün həll edilməmiş məsələlərin sülh yolu ilə həllini təşviq etdiyini və beynəlxalq hüququn prinsiplərinə hörmət edilməsinin zəruriliyini dəstəklədiyini bildirib, Azərbaycan-Avropa İttifaqı münasibətlərində Rumıniyanın konstruktiv, balanslaşdırılmış və gələcəyə hesablanmış gündəliyi təşviq etməklə əməkdaşlığın davamlı inkişafına töhfə verdiyini diqqətə çatdırıb. 

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov da öz növbəsində görüşə görə Mirça Abrudeana minnətdarlığını bildirib və dövlətlər arasında çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsində hər iki tərəfin əməyini yüksək qiymətləndirib.

Azərbaycanın Rumıniyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşı kimi rolu vurğulanıb. 2024-cü ilin ilk on ayında ikitərəfli ticarətin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 96,98% artaraq 590,19 milyon ABŞ dollarına çatıb. Bildirilib ki, enerji iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas sütunu olaraq qalır.

Arxiv üzrə axtarış