2025-03-04

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdə olub.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdə olub.

Əvvəlcə nümayəndə heyəti Buxarestdəki "Tey" parkında ucaldılan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçi ilə görüşüb. Baş direktor Florin Frunza, müavini Sezar Pavalaşkunun da iştirak etdiyi görüşdə dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti Rumıniya Pravoslav Patriarxal Kilsəsini ziyarət edib, Rumıniya Patriarxının müavini Varlaam Ploieşti və Patriarxın xarici işlər üzrə müşaviri Viorel Komanla görüşüb.

Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti martın 2-də Sinaya şəhərində Rumıniya pravoslav kilsəsinə məxsus Sinaya, Buşten şəhərində "Müqəddəs Xaç" Karayman monastırlarını və Braşov şəhərində yerləşən Auqsburq Konfessiyası Yevangelist kilsəsinə məxsus "Qara kilsə"ni ziyarət edib.

Ziyarət zamanı Azərbaycan nümayəndə heyətinə Rumıniyanın dini icmalarının fəaliyyəti və kilsələrin tarixi barədə geniş məlumat verilib.

Rumıniyada səfərdə olan nümayəndə heyəti Müsəlman Müftiliyinin təşkil etdiyi iftar mərasimində iştirak edib. Mərasimdə Rumıniyanın müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu, Prezident Administrasiyasinin dövlət müşaviri Katalina Qaler, Baş nazirin sözcüsü Andrea Unqar,  Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniç və digər dövlət, hökumət nümayəndələri, müsəlman qurumlarının, elmi və mədəni dairələrin təmsilçiləri iştirak ediblər.

İftar süfrəsində çıxış edən Komitə sədri göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Rumıniya müsəlman icmasının üzvlərini mübarək Ramazan ayı münasibətilə təbrik edib, dünyaya sülh, əmin-amanlıq arzulayıb, bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə, ortaq dəyərlərin əsasında duran dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. 

Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın Dini məsələlər üzrə dövlət katibinin etniklərarası münasibətlər üzrə müavini Dincer Geafer ilə, həmçinin Rumıniya Parlamentində türk və tatar icması ilə görüşlər keçirib. Görüşdə Rumıniyanın Müsəlman icmasının müftisi Murat Yusuf ölkəsindəki dini mühit, müsəlman icmasının fəaliyyətinə yaradılan şərait barədə məlumat verib. Rumıniya parlamentinin deputatı Ahmet Varol, Rumıniya Demokratik Türk Birliyinin Buxarest başqanı Şəmsi Turan, Rumıniya Demokratik Türk Birliyinin Gənclər təşkilatı başqanı Osman Harunun da iştirak etdiyi görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Rumıniyaya səfəri çərçivəsində Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Yəhudi İcmaları Federasiyasının prezidenti Silviu Veksler ilə görüşüb. Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüşdə nümayəndə heyətinin üzvləri Buxarestdə yəhudilərə məxsus sinaqoqu ziyarət ediblər.

Arxiv üzrə axtarış