2020-05-10
Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfovun geniş məqaləsini dərc edib.

heyder eliyev-1_554cb1831a651

Məqalədə müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir, Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir.

Sovet İttifaqı dönəmində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr Azərbaycanda dinamik inkişaf dövrü kimi qiymətləndirilmiş, ölkə iqtisadiyyatının yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyi, həmin illərdə istedadlı gənclərinin Moskva, Leninqrad, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elmi və təhsil müəssisələrinə göndərilməsinin ənənəvi xarakter aldığı qeyd edilir.

Heydər Əliyevin SSRİ baş nazirinin müavini vəzifəsində Sovet İttifaqının iqtisadi, sosial, və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik etdiyi, Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və şəxsən baş katib Qorbaçovun apardığı siyasi kursa etiraz olaraq vəzifəsindən istefa verdiyi, Qara Yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək, Azərbaycan əhalisinə qarşı törədilmiş bu cinayətlərə sərəncam verən və icra edənlərin dərhal cəzalandırılmasını tələb etdiyi, sovet rəhbərliyinin nümayiş etdirdiyi ikiüzlü siyasətinə etiraz olaraq Kommunist Partiyası sıralarını tərk etdiyi tarixi faktlar göstərilir.

Məqalədə SSRİ-nin dağılması və müstəqilliyin bərpasından sonra Azərbaycanın çətin dövrdən keçdiyi, vətəndaş müharibəsi və yenicə bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsi qarşısında xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtdığı və qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində, elmi əsaslarında dönüş yarandığı qeyd edilir. Heydər Əliyev tərəfindən formalaşdırılmış və inkişaf etdirilən "azərbaycançılıq" fəlsəfəsinin milli dövlətçiliyin ideoloji əsasını təşkil etdiyi, Azərbaycanın müasir dünyada yerinin müəyyənləşdirdiyi və dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdığı vurğulanır.

Heydər Əliyevin ömrünün bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider və siyasi xadim olduğu, onun Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlərin uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və genişlənməsinə, iqtisadi qüdrətinin artmasına xidmət etdiyi qeyd edilir.

10 May - Ümummilli Liderin doğum gününün təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də geniş qeyd olunduğu, çoxlu sayda insanların Azərbaycan xalqının Lideri Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi oxucuların diqqətinə çatdırılıb.

https://www.agerpres.ro/ots/2020/05/08/heydar-aliyev-liderul-national-al-poporului-azerbaidjan--641405

növbəti xəbər əvvəlki xəbər