2020-07-17
Rumıniyanın “AGERPRES” agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə yayıb

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqaləsini dərc edib.

Səfir münaqişənin tarixi aspektlərinə toxunaraq qeyd edib ki, Qarabağ Azərbaycanın ərazisində hələ qədim dövrlərdən mövcud olmuş bütün dövlətlərin ayrılmaz hissəsi və çox mühüm siyasi, mədəni və mənəvi mərkəzi olub. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu qəbul edir.

Məqalədə 1805-ci ildə Qarabağ xanı İbrahim xan və Rusiya imperiyasının generalı Sisianov tərəfindən imzalanmış Kürəkçay sazişinə əsasən, Azərbaycanın Qarabağ xanlığının müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçdiyi, 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın digər hissələrinin Rusiya imperiyasının tərkibinə qatıldığı qeyd edilir. Daha sonra Rusiya imperiyasının süquta uğramasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ilk fərmanlardan biri kimi İrəvanın (hazırkı Yerevanın) Azərbaycandan Ermənistana verilməsindən bəhs olunub, 1921-ci il iyulun 5-də Bolşevik Partiyası Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar tarixi fakt kimi önə çəkilib və bununla da ermənilərin “Dağlıq Qarabağın Azərbaycana verilməsi” kimi iddialarının yalan olduğu bildirilib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində ərazilərimizin 20 faizinin işğal altına düşdüyü, Dağlıq Qarabağ ətrafındakı daha yeddi rayonunun işğalı və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı yazıda qeyd edilib.

Məqalədə beynəlxalq hüquq məsələsinə toxunularaq, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının bir daha təsdiq edildiyi, erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırıldığı qeyd edilib. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyinin əks olunduğu diqqətə çatdırılıb.

Həmçinin son günlərdə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması barədə məlumat verilib və bu hücum aktı ölkəmizə qarşı təcavüz və Ermənistanın növbəti təxribatı kimi qiymətləndirilib.

Ermənistanın bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışdığını qeyd edən H.Nəcəfov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzün və sərhəddə törətdiyi təxribatların rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutu kimi dəyərləndirib. O, Ermənistanın təcavüzkar siyasətinə qarşı dünya birliyinin birmənalı mövqeyinin məlum olduğunu bildirib.

https://www.agerpres.ro/ots/2020/07/16/comunicat-de-presa-ambasada-republicii-azerbaidjan-in-romania--641817

növbəti xəbər əvvəlki xəbər