2020-10-08
Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun “Azərbaycan Ordusu öz ərazisində ölkəmizin ərazi bütövlüyünü qoruyur” sərlövhəli məqaləsini yayımlayıb.

Məqalədə cari il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutaraq, ölkəmizə qarşı növbəti təcavüzə əl atdığı, mülki əhali və hərbçilərimizin həlak olduğu, evlərə və mülki infrastruktura güclü ziyan dəydiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam etdiyini bildirən diplomat mülki şəxslərin bilərəkdən hədəfə alındığını, 500 mindən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri Gəncə, strateji əhəmiyyət daşıyan sənaye şəhəri Mingəçevir, habelə Beyləqan, Bərdə, Ağcabədi, Goranboy, Yevlax və digər rayonların istifadəsi qadağan edilən raket və qurğulardan atəşə tutulduğunu, döyüş bölgəsindən xeyli məsafədə yerləşən Xızı və Abşeron rayonlarına ortamənzilli iki raketin atıldığını diqqətə çatdırıb. Həmçinin Ermənistan dövlətinin Azərbaycanın enerji və mühüm strateji infrastrukturlarına qarşı hücumları barədə məlumat verən Hüseyn Nəcəfov beynəlxalq layihə olan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin kaset bombaları ilə atəşə tutulduğunu, Ermənistan hökumətinin həm region, həm də enerji sektorunun mühüm iştirakçısı olan dövlətlərin fəaliyyəti üçün təhdid yaratdığını, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi, siyasi və enerji təhlükəsizliyi baxımdan çox böyük əhəmiyyətə malik olduğunu bildirib.

Məqalədə Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü nəticəsində beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulduğu qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində ölkəmizə qarşı hərbi təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesini mənasız etdiyi və danışıqlar formatını dəyişdirmək cəhdi kimi qiymətləndirildiyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin hərbi əməliyyatların dayandırılması üçün yeganə şərtin Ermənistan qoşunlarının Dağlıq Qarabağdan çıxarılması olduğunu dəfələrlə bəyan etməsi məqalədə xüsusi vurğulanıb.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülhə və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və işğalçı ölkəni beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir.

Həmçinin bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya birgə bəyanat imzalayaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanındadır.

Səfir Hüseyn Nəcəfov məqalədə Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və ədalətə əsaslandığını, bu gün Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünü öz ərazilərimizdə qoruduğunu və ədaləti bərpa etdiyini vurğulayıb.

https://www.agerpres.ro/stiri/2020/10/08/comunicat-de-presa-ambasada-republicii-azerbaidjan-in-romania--587524 

növbəti xəbər əvvəlki xəbər