Viktor Paul Dobre: Azərbaycan-Rumıniya əməkdaşlığının inkişaf potensialı genişdir
Martın 15-də Milli Məclisin Rumıniya parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev iki ölkə arasındakı dostluq münasibətlərindən söz açıb. Qeyd edilib ki, Azərbaycan və Rumıniya münasibətləri daim yüksələn xətlə inkişaf edir. Rumıniya 11 ölkə ilə strateji tərəfdaşlıq aktı imzalayıb ki, onlardan biri də Azərbaycandır. Azay Quliyev hər iki ölkə deputatlarının beynəlxalq qurumlardakı birgə fəaliyyətinin xüsusi əhəmiyyətindən də danışıb.
Qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən işçi qrupun rəhbəri hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə dost Rumıniya dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobre Azərbaycanın bölgədə iqtisadi-siyasi baxımdan ən sabit və inkişaf etmiş ölkə olduğunu vurğulayıb. Qonaq bildirib ki, Rumıniya ilə əlaqələr Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən başlayıb və artıq bu dostluq münasibətləri 25 ilə yaxındır davam edir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf potensialı genişdir.
Söhbət zamanı Azərbaycan-Rumıniya əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.