Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı

Ümumi məlumat 

Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları (bundan sonra – konsulluqlar) tərəfindən aparılır.
Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları öz səlahiyyətləri daxilində aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

1) doğumun qeydə alınması;

2) nikahın bağlanmasının qeydə alınması;

3) nikahın pozulmasının qeydə alınması;

4) atalığın müəyyən edilməsinin qeydə alınması;

5) adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;

6) övladlığa götürmənin qeydə alınması;

7) ölümün qeydə alınması.

Eyni zamanda konsulluqlar öz səlahiyyətləri çərçivəsində aşağıdakı əməliyyatları apara bilərlər:

1) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir;

2) itmiş qeydləri bərpa edir;

3) akt kitablarını saxlayır;

4) vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verir;

5) Dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə, qanunvericiliklə müəyyən edilmiş hallarda sosial sığorta müavinətlərinin alınması üçün müvafiq arayış verir.

Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, konsulluqların yerləşdiyi binada (otaqda) həyata keçirilir. Ehtiyac olduğu təqdirdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluqların yerləşdiyi binadan kənarda aparıla bilər və bu halda faktiki xərcləri maraqlı şəxslər tərəfindən ödəməlidir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması ilə bağlı müraciət edən şəxslər tərəfindən bu əməliyyatın konsulluğun yerləşdiyi binadan kənarda aparılmasından imtina edildikdə əvvəlcədən (faktiki xərclər üçün) ödənilmiş haqq geri qaytarılmalıdır.

Diqqət! Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı yalnız Azərbaycan Respublikasının dövlət dilində yazılır.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (nikahın dövlət qeydiyyatı istisna olmaqla) notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr birbaşa olaraq barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir (şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər).

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə müraciət etmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər.

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:

“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Doğumun və nikahın təntənəli şəraitdə qeydiyyatı mərasimləri vətəndaşların vəsaiti hesabına aparılır.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət etmiş şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə dövlət rüsumunun ödənilmədiyi hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində aşağıdakı normativ-hüquqi sənədlər əsasında tənzimlənir:

1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”, “Akt kitablarının saxlanması qaydası və müddətləri” və “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”.

Doğumun qeydə alınması

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparır.
Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Valideynlərin arzusu ilə doğumun dövlət qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
Doğulan uşağın doğumunun qeydə alınması zamanı onun barəsində qeydiyyat aparılır və doğum haqqında şəhadətnamə verilir. Əkiz doğulan uşaqların doğumunun qeydə alınması zamanı onların hər biri barədə ayrıca qeydiyyat aparılır və hər birinə doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.

Doğulmuş uşağın valideynləri və ya onlardan biri doğum haqqında yazılı və ya şifahi məlumatları Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına verir. Doğulmuş uşağın valideynləri xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda doğum haqqında məlumat aşağıda göstərilən şəxslərdən biri tərəfindən konsulluqlara verilir:
1) qohumlar;

2) qonşular;

3) uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti;

4) digər şəxslər.

Doğum haqqında məlumat Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;

2. valideynlərin nikah haqqında şəhadətnaməsi;

3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;

4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;

6. uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd.

Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.
Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər.

Uşağa ad, ata adı və soyadın verilməsi qaydaları

Uşağa ad verilməsi

Uşağa ad valideynlərin razılığı ilə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə verilir.

Uşağa ata adının verilməsi

Uşağa ata adı isə atasının adına görə verilir. Valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Uşaq onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs uşağın atası kimi doğum haqqında aktın qeydinə və şəhadətnaməyə bu şərtlə yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.
Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır.

Uşağa soyad verilməsi

Uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
Valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərin adı ilə soyad verilməsinə icazə verilmir.
Soyadlarının dövlət dilinə uyğunlaşdırılması məqsədilə valideynlərin arzusu ilə «-ov», «-yev» sonluqlu soyadlar sözün kökündən asılı olaraq «-lı», «-li», «-lu», «-lü», «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilər.
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında vətəndaşların soyadlarının dövlət dilinə uyğunlaşdırılması ilə əlaqədar soyad sonluqları dəyişdirilərkən doğum haqqında akt qeydində bu barədə qeyd edilir və təkrar hesab olunmayan yeni şəhadətnamə verilir. Bu zaman dövlət rüsumu tutulmur.

Uşağın doğum tarixinin müəyyən edilməsi

Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir.
Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir.

Doğumun qeydə alınması və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu.

Diqqət! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, doğumun qeydə alınması və doğum haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) doğum haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə –     20 ABŞ dolları

2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə -     40 ABŞ dolları

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

1. Doğum haqqında akt qeydinin nümunəsi

2. Doğum haqqında şəhadətnamənin nümunəsi

3. Doğum akt qeydinin bərpası haqqında, doğumun müddət gecikməsi ilə qeydə alınması haqqında Ərizə nümunəsi

4. Doğum haqqında bərpa akt qeydinin nümunəsi

5. Doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə Ərizənin nümunəsi

Nikahın bağlanmasının qeydə alınması

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunmuşdur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldıla bilər.
Nikahın qeydə alınması üçün tələb olunan sənədlər
Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:
1. nikaha daxil olan şəxslərin yazılı razılığı;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. dövlət rüsumunun ödənilməsi barədə qəbz
6. əvvəllər nikahda olmuş şəxslər – nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);

Nikahın qeydə alınması qaydaları

 

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.
Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:
1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;
2) daimi yaşamaq üçün başqa yerə köçmə;
3) birgə uşaqların olması;
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması;
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;
6) hərbi xidmətə çağırılma;
7) digər hallarda.
Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.
Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Nikahın qeydə alınmasında nikaha daxil olan şəxslərin arzusu ilə digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Ər-arvadın hüquq və vəzifələri konsulluq tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Konsulluq isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.
Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında konsulluğa ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə isə konsulluq nikahı bağlamaqdan imtina edir və nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.
Evlənmək arzusunda olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər nikahın bağlanması üçün müraciət etdikdə onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış (verildiyi gündən 6 ay müddətində etibarlıdır) tələb edilir.
1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər. 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə konsulluq faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən nikah münasibətlərinin başlanması vaxtını göstərir.
Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir. Konsulluq ərizəni qəbul etdikdən sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edir. Nikahın bağlanılması vaxtı eyni binada ölüm və nikahın pozulmasının qeydiyyatı ilə bir vaxta həyata keçirilməməlidir. Nikaha daxil olmağı arzu edən şəxslərdən biri ağır xəstə olduğundan konsulluğun yerləşdiyi binaya (otağa) gələ bilmədikdə (həkim arayışı ilə təsdiq olunur) nikahın qeydiyyatı nikaha daxil olanların hər ikisinin iştirakı ilə evdə və ya tibb müəssisələrində aparıla bilər.
Evlənmək istəyən şəxslər nikahı təntənəli şəraitdə bağlamaq hüququna malikdirlər. Bundan başqa nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər.

Nikahın qeydə alınmasından imtina edilməsi

Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər və bu barədə ərizə ilə müraciət etmiş şəxsə (şəxslərə) yazılı formada bildirilməlidir. Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Aşağıdakı şəxslər arasında nikahın bağlanması yol verilmir:
1) yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) ;
2) yaxın övladlığa götürənlər və övladlığa götürülənlər;
3) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
4) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Eyni zamanda nikahın bağlanması üçün müraciət edən şəxslər neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.

Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə -                    30 ABŞ dolları
2) xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə -     20 ABŞ dolları
3) nikah haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə -                   20 ABŞ dolları
4) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə -         40 ABŞ dolları

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən nikahın qeydə alınması ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:
1. Nikahın qeydə alınması və nikah haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;
2. Nikah haqqında akt qeydinin nümunəsi;
3. Nikah haqqında şəhadətnamənin nümunəsi;
4. Nikah haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.

Nikahın pozulmasının qeydə alınması

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulması məqsədilə ərizə ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (bundan sonra – konsulluq) müraciət edə bilərlər.

Nikahın pozulmasının qeydə alınması üçün tələb olunan sənədlər

Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir:
1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizə;
3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi;
4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi.

Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.

Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:
1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda;
3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)
Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər.
Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur:
1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab   edildikdə;
3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan   məhrum olunduqda.
Nikah konsulluqda pozulduqda – nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda – bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.
Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır.

Xarici ölkələrdə nikahın pozulmasının yeri.

Xarici ölkələrdə nikahın pozulmasının yeri aşağıdakı qaydada müəyyən edilir:
1. ərizə əsasında nikahın pozulması – ərin (arvadın) və ya onlardan birinin yaşadığı yer üzrə və ya nikahın qeydiyyata alındığı yer üzrə yerləşən konsulluqda həyata keçirilir;
2. məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə – bu barədə qətnamənin çıxarıldığı yer üzrə yerləşən konsulluqda həyata keçirilir.
Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu konsulluğa bildirməlidir.

Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması qaydaları

Konsulluqlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə qeydə alır.
Məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə konsulluq özündə əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, müraciət etmiş tərəfə nikahın pozulması haqqında, nikahın pozulması haqqında  birinci tərəfə verilmiş şəhadətnamədəki tarix göstərilmiş şəhadətnamə verilir.
Konsulluqlar tərəfindən aşağıdakı hallarda artıq pozulmuş nikahın qeydiyyatı barədə qeydlər olub-olmaması haqqında sorğu edilir:
1. nikahın pozulmasının dövlət qeydiyyatı aparılmayıbsa və ərizəçinin nikahı haqqında qeydlərdə nikahın pozulması barədə məlumat yoxdursa;
2. nikah başqa vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanda qeyd edilibsə.
Bu cür məlumatların olmadığı bildirildikdə nikahın pozulmasının qeydiyyatı ümumi qaydada həyata keçirilir.
Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır.

Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə aşağıdakı məlumatları qeyd etməyə borcludurlar:
1. özlərinin qarşılıqlı razılıqlarını;
2. onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını;
3. nikahın haqqında şəhadətnamənin olmaması haqqında (nikah haqqında şəhadətnamənin olmadığı hallarda).
Nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir.
Ər-arvaddan birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı olmadıqda, konsulluğa gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir.
Ərizə verərkən konsulluq tərəfindən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilməlidir və gəlməmiş ərə (arvada) bu barədə məlumat verilməlidir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin konsulluğu tərəfindən təsdiq edilməlidir.
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra ər-arvadın iştirakı ilə həyata keçirilməlidir.
Ər-arvad üzrlü səbəblərə (gəlməməyin səbəbinin üzrlü hesab edilməsi yalnız konsulluğun vəzifəli şəxsi tərəfindən müəyyən edilə bilər) görə nikahın pozulmasını qeyd etmək üçün müəyyən edilmiş gündə konsulluğa gələ bilmədikdə, onların xahişi əsasında konsulluq:
1) nikahın pozulmasının qeyd alınması gününü başqa tarixə keçirə bilər və ya;
2) yeni tarix müəyyən etmədən ər-arvadın gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər (onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına dair xahiş əks olunan və imzasızının həqiqiliyi konsulluq tərəfindən təsdiqlənən ərizə təqdim edildikdə) .
Gəlməməyin səbəbi konsulluq tərəfindən üzrsüz hesab edildikdə, lakin ər-arvadın nikahın pozmaq arzusu dəyişmədikdə, onlar nikahı pozmaq məqsədilə yenidən konsulluğa ərizə ilə müraciət edə bilərlər.
Öz növbəsində, konsulluq tərəfindən nikahın pozulmasının qeyd edilməsi məqsədilə 1 ay müddət təyin edilir.

Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydaları

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir:
1. bunlardan birini –
- arvadın (ərin) xəbərsiz itkin düşmüş hesab edilməsinə dair məhkəmə qətnaməsini;
- ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsini;
- arvadın (ərin) azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı.
2. dövlət rüsumunun ödənilməsi barədə qəbz
3. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını.

Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər:
1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.
Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir.

Nikahın bərpa edilməsi

Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnaməsi ləğv olunmaqla nikah konsulluq idarəsində onların birgə ərizəsi əsasında bərpa oluna bilər. (Lakin tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.)
Konsulluq ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ərin (arvadın) nikahının pozulmasını qeyd etməli. Həmin şəxs gəldikdə və onun ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi ləğv olunduqda konsulluq həmin ərin (arvadın) ərizəsinə əsasən ona nikahın pozulması haqqında və şəhadətnamə verə bilər. Bundan başqa həmin şəhadətnamədə nikahın pozulması haqqında digər tərəfə verilmiş şəhadətnamədə göstərilən tarix göstərilir.

Nikahın pozulmasının qeydə alınması və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın pozulmasının (boşanmanın) qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) nikahın pozulmasının (boşanmanın) qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə –         40 ABŞ dolları
2) İtkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə -3 ildən artıq müddətə məhkum olunmuş ərdən (arvaddan) boşanmaq istəyən ərin (arvadın) ərizəsi əsasında nikahın pozulmasının qeydə alınması görə – 10 ABŞ dolları
3) boşanma haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə –    10 ABŞ dolları
4) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə –   40 ABŞ dolları

Məhkəmənin qətnaməsi əsasında nikah pozulduqda konsulluğa dövlət rüsumunun ödənilməsi aşağıdakı şəxslər tərəfindən həyata keçirilə bilər:
1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən olan çıxarışda və ya məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərildikdə – göstərilən ər (arvad);
2. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən çıxarışında və ya məhkəmənin qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə – konsulluğa birinci müraciət edən  ər (arvad). Bu halda ikinci müraciət etmiş şəxsdən dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunmur.

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən nikahın pozulmasının qeydə alınması ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

1. Nikahın pozulmasının qeydə alınması və nikahın pozulması haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;
2. Nikahın pozulması haqqında akt qeydinin nümunəsi;
3. Nikahın pozulması haqqında şəhadətnamənin nümunəsi
4. Nikahın pozulması haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.

Atalığın müəyyən edilməsinin qeydə alınması

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerdə və ya atalıq məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu (bundan sonra – konsulluq) tərəfindən həyata keçirilir.

Atalığın müəyyən edilməsinin qeydə alınması qaydaları.

Atalığın müəyyən edilməsi konsulluqlar tərəfindən:
1. valideynlərin birgə ərizəsi və uşağın doğum haqqında  şəhadətnaməsi;
2. və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.
Konsulluq yalnız aşağıdakı hallarda yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında atalığın müəyyən edilməsini qeydə ala bilər:
1. ana öldükdə;
2. ana fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
3. ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda
4. ana valideynlik hüquqlarından məhrum edildikdə.
Bu hallarda ata ərizə ilə konsulluğa müraciət etdikdə aşağıdakı sənədləri ərizəyə əlavə etməlidir:
1. yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının  müvafiq razılığını təsdiq edən sənəd;
2. ananın ölümü haqqında şəhadətnamənin surəti;
3. ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında   məhkəmə qətnaməsindən çıxarış;
4. ananın valideynlik hüquqlarından məhrum olunması barədə  məhkəmə qətnaməsindən çıxarış;
5. ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə  qətnaməsindən çıxarış və ya onun yaşadığı yeri müəyyən etməyin  mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq  sənəd.
Valideynlərdən biri üzrlü səbəbdən atalığın müəyyən olunmasını qeyd etdirmək üçün konsulluğa gələ bilmədikdə, onun birgə ərizədəki imzasının həqiqiliyi yaşadığı yerin konsulluğu tərəfindən təsdiq edilməlidir.
Aralarında nikah olmayan şəxslərin uşağı olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda, məhkəmə qətnaməsinin əsasında aşağıda göstərilən şəxslərin ərizəsi ilə konsulluqlar atalığın müəyyən edilməsini qeydə alır:
1. uşağın valideynlərindən birinin;
2. uşağın qəyyumunun (himayəçisinin);
3. uşağı saxlayanın;
4. uşaq yetkinlik yaşına çatdıqda onun özünün.
Konsulluqlar uşağın anası ilə atası nikahda olmadıqda, uşağın atalığını atası ilə anasının birgə ərizəsi əsasında müəyyən edir. Uşağın yetkinlik yaşına çatmayan valideynləri nikaha daxil olmamışlarsa, onun atalığı həmin valideynlər 16 yaşına çatdıqdan sonra valideynlərinin ərizəsi əsasında müəyyən edilir.
Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni konsulluğa ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Əgər doğum qeydə alınanadək verilmiş ərizə ata və ya ana tərəfindən geri götürülməyibsə, yeni ərizə tələb olunmur və atalığın müəyyən edilməsinin qeydiyyatı doğumun qeydiyyatı ilə eyni vaxtda aparılır (bu halda doğum haqqında şəhadətnamənin ərizəyə əlavə edilməsinə ehtiyac yoxdur).
Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun özünün və ya həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının razılığı ilə yol verilir. Yetkinlik yaşına çatmış şəxs bu barədə razılığını iki yolla ifadə edə bilər:
1. razılıq ərizəsi valideynlərin ərizəsinə əlavə edilməklə;
2. valideynlərin birgə ərizəsini (atanın ərizəsində) şəxsən imzalamaqla.
Atalığın müəyyən edilməsinin qeydə alınması vaxtı aşağıdakıları nəzərə almaq vacibdir:
1) yetkinlik yaşına çatmış şəxs ərizəsində atanın soyadını qəbul etmək, yaxud bundan əvvəl daşıdığı soyadında (ananın soyadında) qalmaq arzusunda olduğunu bildirməlidir.
2) konsulluq tərəfindən atalığı müəyyən edilməsini qeyd edilən uşağa eyni zamanda  valideynlərin razılığı əsasında atanın və ya ananın soyadı verilir.
3) uşağın doğumu qeydiyyat şöbəsi və konsulluqlarda qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir.
4) uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
Atalığın müəyyən edilməsi haqqında akt qeydində ana haqqında məlumatlar doğum haqqında akt qeydinə və ya doğum haqqında şəhadətnaməyə əsasən yazılır.
Konsulluq atalığın müəyyən edilməsinin qeydə alandan sonra uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğum haqqında yeni şəhadətnamə verir. (doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir)
Konsulluqlar ərizə ilə atalığın müəyyən edilməsi məqsədilə müraciət etmiş şəxslərə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir.

Atalığın müəyyən edilməsinin qeydə alınması və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
Bundan əlavə, qanunun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) doğum haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə -             20 ABŞ dolları
2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə –   40 ABŞ dolları

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Diqqət! Atalığın müəyyən edilməsinin qeydə alınması ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

1. Atalığın müəyyən edilməsinin qeydə alınması və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;
2. Atalığın müəyyən edilməsi haqqında akt qeydinin forması;
3. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;
4. Atalığın müəyyən edilməsinin qeydə alınması ilə əlaqədar olaraq doğum haqqında akt qeydində dəyişikliklər edilməsi barədə bildirişin nümunəsi;
5. Atalığın müəyyən edilməsi haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə Ərizənin nümunəsi.

 

Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması 

 

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının, soyad dəyişdirilməsinə yol verilmir.
Adın, ata adının və soyadın dəyişdirmək istəyən şəxs Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidir:
- Ərizə ( nümunəsi əlavə olunur);
- ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
- ərizə verən şəxs  nikahdadırsa, nikah haqqında şəhadətnamə;
- ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
- ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
- şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
- çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
- ərizə verən şəxsin 3×4 sm ölçüdə 2 ədəd fotoşəkil;
- Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada 50 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz;

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

 

Övladlığa götürmənin qeydə alınması

 

Xarici ölkədə övladlığa uşaq götürən Azərbaycan Respublikası vətəndaşlar övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ya ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə qətnamənin çıxarıldığı yer üzrə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (bundan sonra – konsulluqlar) müraciət etməlidirlər.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yalnız yetkinlik yaşına çatmayan və doğumu qeydə alınmış uşaqları övladlığa götürülməsinə yol verilir.
Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilməz.
Qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə yalnız aşağıdakı hallarda uşaqların övladlığa götürülməsinə icazə verilir:
1. həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya;
2. həmin uşaqları vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə.
Məhkəmə qərarı əsasında övladlığa götürənin xahişi ilə övladlığa götürülənin doğulduğu yer, eləcə də onun doğum tarixi (uşaq 1 yaşına çatana qədər) 3 aydan çox olmayaraq və  dəyişdirilə bilər.
Övladlığa götürən şəxslər
Cinsindən asılı olmayaraq aşağıda göstərilən yetkinlik yaşına çatmış şəxslər övladlığa götürən ola bilərlər:
1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2.  məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər.
Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.
Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə yaş fərqinin olması tələb edilmir.

Övladlığa götürmənin qeydə alınması qaydaları

Övladlığa götürmənin qeydə alınması üçün şəxs konsulluğa məhkəmənin qətnaməsinə uyğun olaraq ərizə ilə müraciət etməlidir.
Konsulluqlar yalnız aşağıda göstərilən sənədlərdə verilən məlumatlar əsasında övladlığa götürmə haqqında akt qeydini tərtib edə bilərlər:
1) övladlığa götürmə haqqında məhkəmənin qətnaməsi;
2) övladlığa götürənlərin və övladlığa götürülənin şəxsiyyətini təsdiq edən sənədlər.
Konsulluq övladlığa götürmə haqqında akt qeydi tərtib edərkən övladlığa götürmə haqqında məhkəmənin qətnaməsi əsasında aşağıdakı məsələləri müəyyən edir:
1. övladlığa götürülənə soyad və ata adı verilməsi;
2. övladlığa götürülənin adının dəyişdirilməsi;
3. övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi;
4. götürənlərin valideyn kimi yazılması zəruriliyi;
Konsulluqlar tərəfindən aşağıdakı hallarda övladlığa götürülmüş uşağın doğum haqqında akt qeydinə dəyişikliklər edilməlidir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında ilkin şəhadətnamə verilməlidir:
1. övladlığa götürülmüş uşağa övladlığa götürənin adı ilə ata adı və soyadı verilərsə;
2. övladlığa götürülənin adı dəyişdirilərsə və ya övladlığa götürənlər övladlığa götürülənin valideynləri kimi yazılarsa;
3. övladlığa götürülənin doğulduğu yer dəyişdirilərsə.
Övladlığa götürənlərə övladlığa götürmə haqqında şəhadətnamə verilir və övladlığa götürmənin sirri qanunla mühafizə olunur.
Məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə konsulluqlar övladlığa götürmə haqqında qeydi ləğv edir və qətnamənin qanuni qüvvəyə mindikdən sonra övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir.
Konsulluqlar övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar verə bilməzlər.

Övladlığa götürülmənin qeydə alınması və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu.

Diqqət! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, övladlığa götürülmənin qeydə alınması və övladlığa götürülmə barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) doğum haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə -             20 ABŞ dolları
2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə –    40 ABŞ dolları

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən övladlığa götürülmənin qeydə alınması və övladlığa götürülmə haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

1. Övladlığa götürmənin qeydə alınması və övladlığa götürmə haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna ünvanlanan ərizə nümunəsi;
2. Övladlığa götürmə haqqında akt qeydinin nümunəsi;
3. Övladlığa götürmə haqqında şəhadətnamənin nümunəsi;
4. Övladlığa götürmənin qeydə alınması ilə əlaqədar olaraq doğum haqqında akt qeydində dəyişikliklər edilməsi barədə bildirişin nümunəsi;
5. Övladlığa götürmə haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.

Ölümün qeydə alınması 

Xarici ölkələrdə yaşayan aşağıda göstərilən kateqoriya şəxslər vəfat etdikdə onların ölümünün qeydə alınması (yəni ölüm faktının Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının akt qeyd kitabına qeyd edilməsi və ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılır:
- xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi olduğu təqdirdə);
- Eyni zamanda, xarici ölkə ərazisindən keçərkən (qatarda, gəmidə, təyyarədə yol gedərkən) yolda vəfat edən Azərbaycan Respublikasının vətəndaşlarının ölümü ən yaxın ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğu tərəfindən aparıla bilər.

Ölümün qeydə alınması  üçün tələb olunan sənədlər

1. ölümün qeydə alınması haqqında şifahi müraciət və ya yazılı ərizə;
2. ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər:
- Azərbaycan Respublikası vətəndaşları üçün – Azərbaycan Respublikası vətəndaşının pasportu, dənizçinin şəxsiyyət sənədi, şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən digər rəsmi sənəd;
- Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.
3. ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin arayışı / ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi.

Ölümün qeydə alınması  üçün tələb olunan şərtlər

1. Fiziki şəxslərin müraciəti əsasında:
Ölümün qeydə alınması üçün ölmüş şəxsin qohumları, qonşuları, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyəti və ya başqa şəxslər bu barədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verməlidirlər. Eyni zamanda, ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.
Belə məlumat və təsdiqləyici sənəd ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq təqdim edilməlidir.
Ümumiyyətlə, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.
Şəxsin ölüm vaxtı (tarixi) kimi – ölüm faktı haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin sənədində (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) göstərilən tarix qəbul olunur.
2. Məhkəmə qətnaməsi əsasında:
Əgər şəxsin ölüm faktı haqqında müvafiq tibbi arayış olmazsa, ölüm faktı məhkəmə tərəfindən – “Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi” ilə təsdiq edilir, başqa sözlə şəxs ölmüş elan edilir.
Şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi müvafiq müddət keçdikdən sonra başa çatıbsa, ölüm haqqında akt qeyd kitabında “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir.
“Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi” əsasında ölümün qeydə alınması isə qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Əgər şəxs məhkəmə qaydasında ölmüş elan edilmişdirsə, bu zaman onun ölüm vaxtı (tarixi) kimi – müvafiq məhkəmə qətnaməsində dəqiq göstərilən tarix və ya müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarix qəbul olunur.

Ölümün qeydə alınması zamanı görülməli tədbirlər

1. Konsulluq tərəfindən ölümün qeydiyyatı zamanı qəbul edilmiş və ölən şəxsin şəxsiyyəti təsdiq edən yuxarıda sadalanan sənədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təhvil verilməsi üçün göndərilməlidir.
2. Konsulluq tərəfindən ölümün qeydiyyatı zamanı ölmüş şəxsin hərbi vəzifəli şəxs və ya çağırışçı olması müəyyən olunarsa, konsulluq həmin şəxsin hərbi biletini, hərbi xidmətlə bağlı digər sənədlərini təhvil verilməsi üçün və ya belə sənədlərin Konsulluğa təqdim edilmədiyi barədə məlumatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına göndərilməlidir.
3. Konsulluq tərəfindən ölümün qeydiyyatı zamanı ölmüş şəxsin birgə yaşamış olduğu yetkinlik yaşına çatmayan və himayəsiz qalan uşaqlarının olması barədə məlumat daxil olarsa, konsulluq bir gün müddətində bu məlumatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamə rəsmiləşdirilir və ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

Ölümün qeydə alınması və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu.

Diqqət! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, ölümün qeydə alınması və ölüm haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) ölüm haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə -             20 ABŞ dolları
2) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə –   40 ABŞ dolları

Ödənilmə ünvanı
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin bank hesabı:
“UniCredit Tiriac Bank”
RO11BACX0000000948389004 (USD)

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən ölümün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

1. Ölüm haqqında akt qeydinin nümunəsi;
2. Ölüm haqqında şəhadətnamənin nümunəsi;
3. Ölüm haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə ərizənin nümunəsi.

Dövlət rüsumu

Dövlət Rüsumu Haqqında Qanunun 16-cı Maddəsindən çıxarışla hazırkı linkvasitəsilə tanış olmaq mümkündür.

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı hallarda ödənilmir:

1) doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
2) ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
3) övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
4) atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi.

Arxiv üzrə axtarış