Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 18 mart 2015-ci il
№ 84
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
Q A Y D A S I
- Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.
1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir.
1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir.
- Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirildiyi hallar
2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır.
2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır:
2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa;
2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla);
2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla);
2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;
2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə;
2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;
2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa;
2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa.
- Vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və baxılması
3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır.
3.2. Dövlət orqanları tərəfindən sorğu verilərkən, müvafiq sorğu vərəqinə (1 nömrəli əlavə) bu Qaydanın 3.4.1-ci və 3.4.3–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlər əlavə edilir və müşayiət məktubu ilə Dövlət Miqrasiya Xidmətinə göndərilir. Bu Qaydanın 3.4.3–3.4.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əldə edilməsi mümkün olduğu təqdirdə təqdim edilir.
3.3. Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir.
3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;
3.4.2. tərcümeyi-hal;
3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);
3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri;
3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.
3.5. Bu Qaydanın 3.4.4–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin surətlərinin həmin sənədlərin əsli və ya onların notariat qaydasında, yaxud ona bərabər tutulan qaydada təsdiq olunmuş surətləri ilə tutuşdurulması və məsul icraçının iştirakı ilə razılıq ərizələrinin yazılması Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə sənədlər qəbul edilərkən, dövlət orqanları sorğu verdikdə isə sorğu verən dövlət orqanlarında həyata keçirilir.
3.6. Sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir.
3.7. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.
3.8. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.
3.9. Yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir.
3.10. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.
3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir.
3.12. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir.
3.13. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
3.14. Şəxsin vətəndaşlıq mənsubiyyətini təsdiq edən yeni sübutlar aşkar olunduqda, Dövlət Miqrasiya Xidmətinə təkrar müraciət edilə bilər.
- Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar
4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır:
4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda;
4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda;
4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda;
4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda:
4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;
4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa;
4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs;
4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq;
4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq;
4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı;
4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı;
4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda;
4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı.
4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur.
4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır.
4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
- Şikayət verilməsi qaydası
5.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.