Rumıniyanın nüfuzlu "Ultima Ora" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun Ermənistanın revanşist siyasəti barədə məqaləsi yayımlanıb.
Rumıniyanın nüfuzlu “Ultima Ora” qəzetində Azərbaycanının bu ölkədəki səfiri Hüseyn Nəcəfovun Ermənistanın revanşist siyasəti barədə məqaləsi yayımlanıb.
Məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təqribən 20 faizinin otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qaldığı, bir milyondan çox azərbaycanlının doğma yurdlarını tərk etmək məcburiyyətində qalaraq məcburi köçkünə çevrildiyi vurğulanıb. Həmçinin bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Ədalətin zəfər çalması, çoxlu sayda məcburi köçkünün doğma yurdlarına qayıtması, genişmiqyaslı bərpa-quruculuq işlərinin başlanması ilə hərb səhifənin çevrilməsi və münasibətlərin normallaşması üçün tarixi fürsət yaranıb.
Qeyd olunub ki, Azərbaycan işğal altında qalmış ərazilərin yerlə-yeksan edilməsinə baxmayaraq, Ermənistana beynəlxalq hüquq prinsiplərinə əsaslanan 5 bənddən ibarət sülh təklifi təqdim edib. Buna baxmayaraq, bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması səyləri Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasəti yürütməsi nəticəsində ciddi sınaqlarla üzləşib. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində “humanitar vəziyyətin pisləşməsi” və “mühasirənin davam etməsi” ilə bağlı əsassız iddialarla BMT Təhlükəsizlik Şurasına müraciəti münaqişənin həlli istiqamətində bütün səylərə qəsdən mane olmaqdan başqa bir şey deyil.
Yazıda Ermənistanın silahlı qüvvələrinin 10 min nəfərədək şəxsi heyətini Azərbaycan ərazisindən tam çıxarmaması ilə yanaşı, bu qüvvələri davamlı təchiz etdiyi, eləcə də Azərbaycanın təbii sərvətlərini qanunsuz istismarını davam etdirməyə çalışdığı qeyd olunub. Bildirilib ki, buna görə də Ermənistan dünya miqyasında təbliğat kampaniyasına başlayıb, sərhəd-keçid məntəqəsinin normal fəaliyyətinin qarşısını almaq, eləcə də Qarabağa yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə etməmək üçün bir sıra maneələr yaradıb.
“Bütün bunlara baxmayaraq, Azərbaycan ümid edir ki, Ermənistan problemlərin həlli yolunun konstruktiv qarşılıqlı fəaliyyətdən, eləcə də beynəlxalq hüquq normalarının və üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsindən ibarət olduğunu başa düşəcək. BMT Təhlükəsizlik Şurasının bir çox üzvlərinin vurğuladığı kimi, regionda sülhün və sabitliyin əsasını suverenliyin və ərazi bütövlüyünün həm sözdə, həm də əməldə tanınması təşkil edir”, - deyə məqalədə vurğulanıb.