2023-09-20

Rumıniyanın “AGERPRES” xəbər agentliyində “Əsrin müqaviləsi”ndən bəhs olunub.

Rumıniyanın “AGERPRES” milli xəbər agentliyində Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Əsrin müqaviləsi” - Azərbaycanın enerji təhlükəsizliyinə gedən yol” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın neft strategiyasının şanlı səhifəsinə çevrilən müqavilənin mühüm əhəmiyyətindən bəhs edilir və bu il sentyabrın 20-də Azərbaycanda “Əsrin müqaviləsi”nin 29 illiyinin qeyd edilməsindən söz açılır. Vurğulanır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlərin yeni mərhələsinə qaldırıb. Belə ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da yeni neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlanmışdır.

Bildirilir ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.

Məqalədə qeyd edilir ki, “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb.

Hazırda Azərbaycandan neft və neft məhsullarının dünyanın 30 ölkəsinə, qazın isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edildiyi vurğulanıb.

Həmçinin məqalədə, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasiminə xüsusi yer verilir. Bildirilir ki, yeni sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıblar. Beləliklə, nəhəng neft yatağının işlənməsində yeni dövr başlayıb. Eyni zamanda, məqalədə yeni sazişin ölkəmiz üçün önəmindən söhbət açılır və “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi müddətinin 2050-ci ilə qədər uzadıldığı qeyd olunur. Həmçinin, SOCAR-ın iştirak payının 11,6 faizdən 25 faizə qaldırıldığı diqqətə çatdırılır.

Səfir qeyd edib ki, bu qazanılan nailiyyətlər “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla icra edildiyini bir daha təsdiqləyir. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının formalaşmasında və iqtisadiyyatının dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var.

Məqalədə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi xüsusi olaraq vurğulanır, Cənub Qaz Dəhlizi haqqında məlumat verilərək, onun Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolundan danışılır. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən birinin - Cənub Qaz Dəhlizinin seqmentləri olan “Şahdəniz-2”, Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri haqqında da ətraflı məlumat verilir.

Sonda səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin dekabr ayında Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin 2023-cü ilin fevralında Azərbaycana rəsmi səfərlərini qeyd edərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əhəmiyyətindən, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğundan bəhs edib. Dövlət başçılarının görüşündə Avropanın yaşıl enerji mənbələrindən olan enerji təchizatının vacibliyinin vurğulandığını bildirən səfir, Azərbaycanın bu fəaliyyətə mühüm töhfəsini qeyd edib və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması barədə geniş məlumat verib.

Həmçinin, 2023-cü ilin iyul ayında Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri və Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilən nazirlərin dördüncü iclasında iştirakı barədə danışıb.

 

https://www.agerpres.ro/ots/2023/09/20/contractul-secolului-calea-catre-securitatea-energetica-a-azerbaidjanului--651626 

Arxiv üzrə axtarış