İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycanla Rumıniya dövlətlərarası əlaqələrin hələ XV əsrdən başlayan tarixi kökləri mövcuddur. 1473-cü ildə Azərbaycan dövlətinin başçısı (Ağqoyunlu sülaləsi) Uzun Həsənlə Moldova knyazı Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanmışdır. Sonralar Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş general S.Mehmandarov rus ordusunda fəaliyyəti zamanı Rumıniya ordeni ilə təltif olunmuş, həmin Respublikanın ideoloqu M.Ə.Rəsulzadə II Dünya müharibəsi dövründə bir müddət Rumıniyada yaşamışdır.

Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə rəsmi şəkildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradılmışdır.

Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyi 3 noyabr 1998-ci il tarixində açılmışdır. Hazırkı səfir Dan İankudur. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi 21 may 2001-ci il tarixində açılmışdır. Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2018-ci il tarixli sərəncamına əsasən Hüseyn Nizami oğlu Nəcəfov AR-in Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.

 

Yüksək səviyyəli səfərlər

Dövlət başçıları:

2 iyul 1995-ci ildə Azərbaycan Prezidenti H.Əliyev Rumıniyaya rəsmi səfər etmişdir.

1996-cı ilin mart ayında Rumıniya Prezidenti İ.İliyesku Azərbaycana rəsmi səfər etmişdir.

29 iyun - 1 iyul 1998-ci ildə Rumıniya Prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmuşdur.

7-8 sentyabr 1998-ci ildə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransda Rumıniya Prezidenti E.Konstantineskunun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

29-30 oktyabr 2002-ci ildə Rumıniya Prezidenti İ.İliyeskunun rəhbərliyi ilə nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.

11-12 oktyabr 2004-cü ildə Azərbaycan Prezidenti İ.Əliyev Rumıniyaya rəsmi səfər etmişdir.

5 iyun 2006-cı ildə Buxarest şəhərində keçirilən “Qara Dəniz Forumu”nda iştirak etmək məqsədilə Rumıniya Prezidenti T.Baseskunun dəvəti ilə AR Prezidenti İ.Əliyev Rumıniyada səfərdə olmuşdur.

11-12 oktyabr 2006-cı il tarixlərində Rumıniya Prezidenti T.Basesku Azərbaycanda rəsmi səfərdə olmuşdur.

19 iyun 2007-ci il tarixində Rumıniyanın prezidenti T.Basesku GUAM sammitində iştirak etmək üçün Azərbaycana səfər etmiş və Prezident İ.Əliyevlə görüşmüşdür.

24-25 sentyabr 2007-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Rumıniyada işgüzar səfərdə olmuşdur.

2-4 aprel 2008-ci ildə AR Prezidenti İ.Əliyev NATO-nun Buxarest Sammitində iştirak etmək üçün Rumıniyaya səfər etmişdir.

21 avqust 2008-ci ildə Rumıniyanın Prezidenti T.Basesku Bakıda bir günlük işgüzar səfərdə olmuşdur.

28-29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyada rəsmi səfərdə olmuşdur.

14 sentyabr 2010-cu ildə Bakıda keçirilmiş AGRİ sammitində iştirak etmək məqsədilə Rumıniya Prezidenti T.Basesku Azərbaycanda işgüzar səfərdə olmuşdur.

18-19 aprel 2011- Rumıniya Prezidenti T.Basesku Azərbaycanda rəsmi səfərdə olmuşdur.

17 dekabr 2022- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyada işgüzar səfərdə olmuşdur. Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

02 - 03 fevral 2023 - Rumıniya Prezidenti Klaus Yohannes Azərbaycanda rəsmi səfərdə olmuşdur.

 

Baş nazir:

26-27 iyun 2013-cü ildə Rumıniya Baş naziri Viktor Ponta Azərbaycanda rəsmi səfərdə olmuşdur.

12-13 iyun 2015-ci ildə Rumıniya Baş naziri Viktor Ponta ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

 

Parlament sədrləri:

11-14 iyun 2000-ci ildə Rumıniya Senatının Xarici siyasət komissiyasının sədri G.Prisakarunun başçılığı ilə Senatın nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

18-20 dekabr 2006-cı il tarixində Milli Məclisin sədri O.Əsədov Rumıniyaya rəsmi səfər etmiş, Rumıniya Senatının sədri N.Vakaroyu, Deputatlar Palatasının sədri

İ.Oltyanu, Baş nazirin müavini Marko Bela, NATO Parlamentlərarası Assambleyasının sədr müavini Mihai Lupoi ilə görüşmüşdür.

18-20 iyun 2008-ci ildə Azərbaycan Respublikası Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Rumıniya Senatının sədri Nikolae Vakaroyunun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti iştirak etmişdir.

13-16 mart 2013 – Rumıniya deputatlar palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.

26 fevral 2023 - Rumıniya deputatlar palatasının sədri Marçel Çolaku Azərbaycanda rəsmi səfərdə olmuşdur.

16 - 17 may 2023 - Rumıniya deputatlar palatasının sədr müavini Vasile Daniel Suçunun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək məqsədi ilə Azərbaycana səfəri

 

 

Nazirlər:

 

1-2 mart 2001-ci ildə Rumıniyanın xarici işlər naziri M.D.Coana ATƏT-in fəaliyyətdə olan sədri qismində Cənubi Qafqaz bölgəsinə, o cümlədən Azərbaycana səfər etmişdir.

2-3 dekabr 2001-ci ildə Azərbaycanın xarici işlər naziri V.Quliyev Buxarestdə keçirilmiş ATƏT-in Xarici İşlər Nazirlərinin görüşündə iştirak etmişdir.

27-30 may 2003-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri V.Quliyev Rumıniyanın xarici işlər naziri M.Coananın dəvəti ilə Rumıniyaya rəsmi səfər etmişdir.

14-15 noyabr 2008-ci ildə Rumıniyanın xarici işlər naziri Lazar Komanesku Bakıda keçirilən Enerji Sammitində iştirak etmək məqsədilə Azərbaycana gəlmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovla görüşmüşdür.

18 mart 2010-cu ildə Rumıniyanın xarici işlər naziri Teodor Bakonski Azərbaycana rəsmi səfər etmişdir.

26 aprel 2013-cü ildə Rumıniya Xarici İşlər Naziri Titus Korlaçean Azərbaycanda rəsmi səfərdə olmuşdur.

6-9 iyun 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi V.Əliyev Rumıniyada rəsmi səfərdə olmuşdur.

13-14 aprel 2014-cü ildə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və AR Energetika Naziri Natiq Əliyev Rumıniyada rəsmi səfərdə olmuşdur.

27-28 avqust 2014-cü ilin tarixlərində Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın Milli Müdafiə Naziri Mirçea Duşanın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

15-16 sentyabr 2014 – Azərbaycan Respublikası xarici işlər naziri cənab Elmar Məmmədyarov Rumıniyada rəsmi səfərdə olmuşdur.

03-04 mart 2019 – Azərbaycan Respublikası xarici işlər naziri cənab Elmar Məmmədyarov Rumıniyada işgüzar səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

5 noyabr 2000-ci ildə Azərbaycanın yeni seçilmiş Parlamentində Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupu yaradılmışdır.

18-20 dekabr 2006-cı il tarixində Milli Məclisin sədri O.Əsədov Rumıniyaya rəsmi səfər etmişdir.

14-17 mart 2013-cü ildə Rumıniyanın Deputatlar palatasının sədri cənab Valeriu Zqonea və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

17-18 mart 2014-cü ildə Rumıniya Parlamentində Rumıniya-Azərbaycan Dostluq Qrupunun dəvəti ilə AR Milli Məclisinin üzvləri Azay Quliyev, Musa Quliyev və Qənirə Paşayeva Rumıniyada səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti  Rumıniya-Azərbaycan Dostluq Qrupunun Sədri Yulian Yanku və üzvləri ilə görüş keçirmişdir.

26-29 aprel 2022 - Rumıniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Kristian-Daniel Ivanutsanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri

26-28 senyabr 2022 -  Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri

 

Sahələr üzrə əməkdaşlıq

1.Siyasi sahədə

3-4 fevral 2005-ci ildə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli müqavilə-hüquq bazasının vəziyyəti ilə əlaqədar müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə Bakıda XİN-lərarası məsləhətləşmələr keçirilmişdir. Azərbaycan ilə Rumıniya arasında imzalanmış sənədlərin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması ilə bağlı qarşı tərəf təkliflərini təqdim etmişdir.

4 fevral 2005-ci ildə Rumıniya Xarici İşlər Nazirliyinin hüquq idarəsinin baş direktoru K.Dinesku, Rumıniyanın Azərbaycandakı Səfiri N.Ureke xarici işlər nazirinin müavini X.Xələfov ilə Xəzər dənizinin statusu ilə bağlı görüşmüşlər.

10-11 mart 2008-ci ildə XİN müavini X.Xələfov siyasi məsləhətləşmələr keçirmək üçün Buxarestə səfər etmişdir. Səfər çərçivəsində 11 mart tarixində Buxarestdə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Radutsa Dana Matake ilə görüşmüşdür.

15-16 iyun 2009-ci ildə tarixlərində Rumıniya XİN-də strateji məsələlər üzrə dövlət katibi B.Auresku ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Bakıda səfərdə olmuşdur.  

7 iyul 2010-cu ildə Rumıniya Xarici İşlər Nazirliyinin Regional Əməkdaşlıq İdarəsinin baş direktoru xanım İrina Zidaru Bakıda keçirilmiş ikitərəfli məsləhətləşmələrdə iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir. Səfər zamanı qonaq AR xarici işlər və sənaye və energetika nazirləri, Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri ilə görüşlər keçirtmişdir.

19 iyul 2010-cu ildə xarici işlər naziri E.Məmmədyarov Rumıniyanın xarici işlər naziri T.Bakonski ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının VİP salonunda görüş keçirmişdir.

27-29 fevral 2012-ci ildə tarixlərində Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı Y.Fota Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Təhlükəsizlik və Müdafiə Nazirliklərinin rəhbər şəxsləri ilə görüşmüşdür.  

09-10 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Araz Əzimov Rumıniyada səfərdə olmuşdur. Səfər zamanı Rumıniya senatı xarici siyasət komitəsinin sədri Mirçea Ceoana, Xarici İşlər Nazirliyində dövlət katibi (Nazir müavini) Boqdan Auresku, Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fota və strateji, təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Yulian Kifu ilə görüşlər keçirmişdir.

03-05 sentyabr 2018-ci ildə AR xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti AR-Rumıniya XİN-lər arası ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Rumıniyada səfərdə olmuşdur.

27 sentyabr 2018-ci ildə BMT BA-nın 73-cü sessiyası çərçivəsində AR xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniya Baş nazirinin Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal tərəfindən 2019-2020-ci illər üzrə AR-Rumıniya XİN-lər arası ikitərəfli siyasi məsləhətləşmələrə dair "Birgə Fəaliyyət Planı"nı imzalamışdırlar.

26 sentyabr 2019-cu ildə BMT BA-nın 74-cü sessiyası çərçivəsində AR xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniya xarici işlər naziri Ramona Manesku arasında görüş keçirilmişdir.

Siyasi sahədə əsas sazişlər:

1. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rumıniya Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 27 aprel 1995
 

2.Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında Niyyət Memorandumu. Bakı, 27 aprel 1995
 

3.Azərbaycan Respublikası və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə. Buxarest, 2 iyul 1995
 

4.Azərbaycan Respublikası və Rumıniya arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Müqavilə. Bakı, 27 mart 1996
 

5.Azərbaycan Respublikası və Rumıniya arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında Bəyannamə. Bakı, 30 iyun 1998
 

6.Azərbaycan Respublikası və Rumıniya arasında tərəfdaşlıq haqqında Bəyannamə. Bakı, 29 oktyabr 2002
 

7.Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Prezidentinin Birgə Bəyannaməsi. Buxarest, 11 oktyabr 2004;
 

8.Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 11 oktyabr 2006
 

9.Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə. Buxarest, 28 sentyabr 2009
 

10.Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı, 18 aprel 2011, Bakı.
 

11.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniyanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq Protokolu, 18 aprel 2011, Bakı,  

2. İqtisadi sahədə 

2014-cü ildə Azərbaycan Respublikasının Rumıniya ilə ticarət dövriyyəsinin həcmi 142,10 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 55,85 mln. ABŞ dolları, ixracın həcmi 86,25 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu müsbət 30,40 mln. ABŞ dolları olmuşdur.

2014-cü ildə Rumıniyanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,46 faiz, o cümlədən idxalda 0,61 faiz, ixracda isə 0,40 faiz təşkil etmişdir.
2013-cü il ilə müqayisədə, 2014-cü ildə Rumıniya ilə ticarət dövriyyəsi 10,29 faiz artmışdır.

Hazırda Rumıniyada Azərbaycan kapitalının iştirakı ilə 49 müəssisə qeydiyyatdan keçmişdir (onlardan cəmisi 6-sı fəaliyyətdədir). Bu göstərici ölkədəki xarici sərmayələrin iştirakı ilə qeydiyyatdan keçən müəssisələrin 0,03%-ni təşkil edir.     

Azərbaycan sərmayəsinin iştirakı ilə fəaliyyət göstərən müəssisələr əsasən aşağıdakı sahələrdə fəaliyyət göstərir: Ticarət – 27,08%

  • İnşaat – 27,08%
  •  Professional, inzibati, elmi və texniki fəaliyyət – 12,50%
  •  Nəqliyyat, anbar təsərrüfatı və kommunikasiya – 10,42% Hasilat və emal sənayesi – 10,42%
  • Daşınmaz əmlak – 8,33%

Rumıniyada ARDNŞ-nin xətti ilə Azərbaycanın dövlət sərmayələri də qoyulmuşdur. Hal-hazırda ARDNŞ-ın Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən 44 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. 

Azərbaycanda rumın kapitalı ilə 50-yə yaxın şirkət qeydiyyatdan keçmişdir. 

Rumıniyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış SİVECO və UTİ Group şirkətləri Azərbaycanda bir sıra tender layihələrində iştirak edirlər. SİVECO şirkəti 2004-cü ildən elektron-təhsil sisteminin yaradılması layihəsini icra edir. Hazırda öz fəaliyyətini elektron-kənd təsərrüfatı sektoruna da genişləndirmək marağındadır. UTİ Group şirkəti kiber-təhlükəsizlik sahəsində proqram təminatının yaradılması layihəsini həyata keçirməkdədir.

7-8 oktyabr 2004-cü ildə Buxarestdə Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın birinci iclası keçirilmişdir.

5-8 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidentinin dəvəti ilə bir qrup rumın iş adamı Azərbaycanda işgüzar səfərdə olmuşdur.

10 oktyabr 2006-cı ildə tarixində Bakıda Rumıniya Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2-ci iclası keçirmişdir.

11-15 iyul 2007-ci il tarixlərində ARDNŞ-ın prezidenti R.Abdullayev Rumıniyaya səfər etmiş, Rumıniyanın Prezidenti, iqtisadiyyat və maliyyə nazirinin birinci müavini, “Petrom” şirkətinin İcraçı Baş Direktoru ilə görüşlər keçirmişdir. 12 iyulda ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin açılışı olmuşdur.

22-24 oktyabr 2007-ci ildə AR Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin sədri K.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Dövlət Əmlakının Qiymətləndirilməsi üzrə Dövlət Agentliyinin sədri T.Atanasiunun dəvəti ilə Rumıniyaya səfər etmişdir.

26 oktyabr 2007-ci ildə Rumıniya Prezidenti T.Basesku Buxarestdə işgüzar səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti R.Abdullayevi qəbul etmişdir.

10-12 dekabr 2007-ci ildə Rumıniya nümayəndə heyəti enerji sahəsində əməkdaşlığı müzakirə etmək məqsədilə Azərbaycana səfər etmişdir. Nümayəndə heyətinə Rumıniyanın iqtisadiyyat və maliyyə nazirinin dövlət katibi Viorel Palaşka rəhbərlik etmişdir. Nümayəndə heyətinə sənaye və energetika sahəsində mütəxəssislər, Pan-Avropa İxrac Neft Kəməri layihəsində iştirak edən şirkətlərin nümayəndələri daxil edilmişdir.

10-12 mart 2008-ci ildə sənaye və energetika naziri N.Əliyev Rumıniyaya səfər etmişdir. Səfər çərçivəsində, 12 mart 2008-ci ildə iki ölkənin nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

21 aprel 2008-ci ildə Buxarest şəhərində, Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın 3-cü iclası keçirilmişdir.

1-3 iyul 2009-cu ildə Rumıniyanın iqtisadiyyat naziri A.Videanu hökumətlərarası müştərək komissiyanın 4-cü iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində qonaq Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən qəbul edilmiş, AR Baş naziri A.Rasizadə, xarici işlər naziri E.Məmmədyarov, sənaye və energetika naziri N.Əliyev və ARDNŞ-nin Prezidenti R.Abdullayevlə görüşmüş və enerji sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.

1-4 fevral 2010-cu ildə Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi T.Şerban Azərbaycana səfər etmişdir. Səfər zamanı “Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu” imzalanmışdır.

10-14 aprel 2010-cu ildə AR Sənaye və Energetika Naziri N.Əliyev və Xarici İşlər Nazirinin müavini X.Xələfov Buxarestdə səfərdə olmuşlar. 13 aprel 2010-cu ildə Azərbaycan, Gürcüstan və Rumıniya arasında “Mayeləşdirilmiş təbii qaz və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Səfər çərçivəsində X.Xələfov Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi D.Kostea ilə görüşmüş və XİN-lərarası məsləhətləşmələr keçirilmişdir.

14 fevral 2011-ci ildə AR Sənaye və Energetika Naziri N.Əliyev AGRİ- mayeləşdirilmiş təbii qaz əlaqələndiricisi layihəsi üzrə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın nazirlər iclasında iştirak etmək məqsədilə Rumıniyada səfərdə olmuşdur.

16 may 2011-ci ildə AR Sənaye və Energetika Naziri N.Əliyev AGRİ layihəsi üzrə Buxarestdə keçirilmiş Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan nazirlər görüşündə iştirak etmişdir.

31 oktyabr 2011-ci ildə AR Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev Rumıniyada səfərdə olmuş, Botoşani şəhərində SOCAR brendi ilə fəaliyyət göstərəcək bir neçə yanacaq doldurma məntəqəsinin açılışında iştirak etmişdir. Ümumilikdə, Botoşani, Suçeava, İaşi və Neamt vilayətlərində 11 yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir.

23-26 noyabr 2011-ci ildə Rumıniyanın Kommunikasiyalar Naziri Valerian Vreme Bakutel-2011 konfrans və sərgisində Rumıniyanın stendinin təqdimatı məqsədilə ölkəmizdə səfərdə olmuşdur.

17-20 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Rumıniyada səfərdə olmuşdur. Səfər zamanı Rumıniya Kənd Təsərrüfatı və Regional İnkişaf Naziri və Nazir müavini ilə görüşlər keçirmişdir.

14 mart 2013-cü ildə Azərbaycanda Ticarət və Sərmayələrin Təşviqi Fondunun (AzPromo) təşkilatçılığı ilə Bakıda Rumıniya – Azərbaycan Biznes Forumu keçirilmişdir.  

2-8 iyun 2013-cü ildə AR Kənd Təsərrüfatı Naziri İ.Abasov Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının Baş assambleyasının iclasında iştirak etmək məqsədilə Buxarestdə səfərdə olmuşdur. Səfər çərçivəsində Nazir Rumıniyalı həmkarı Dan Konstantin ilə görüşmüş, elektron-kənd təsərrüfatı layihəsini hazırlayan SİVECO şirkətində olmuşdur.  

16-17 dekabr 2013-cü ildə ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov və “Azərkimya” İB-in Müşahidə Şurasının sədri Muxtar Babayev enerji sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə  Rumıniyada səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın İqtisadiyyat Naziri A.D.Gerea, İqtisadiyyat Nazirinin müavini B.N.Badea, Enerji məsələləri üzrə xüsusi nazir (minister delegate), dövlət katibi M.A.Albulesku, həmçinin Rumıniyanın Baş nazirinin xüsusi müşaviri İ.Blankulesku və Xarici İşlər Nazirinin müavini S.Olaru ilə görüşmüş, səfər çərçivəsində “Oltchim” şirkətinin istehsal müəssisəsinə tanışlıq səfəri etmişdir.

13-14 aprel 2014-cü ildə AR Energetika Naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Rumıniyada rəsmi səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Rumıniyanın Baş Naziri Viktor Ponta və İqtisadiyyat Naziri Konstanin Nitsa ilə görüşlər keçirmişdir.

23-24 iyun 2015-ci ildə AR Energetika Naziri Natiq Əliyev AGRİ layihəsinin iştirakçı dövlətlərinin Nazirlər görüşündə iştirak etmək məqsədilə Rumıniyada səfərdə olmuşdur.

22-23 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti hökumətlərarası müştərək komissiyanın 5-ci iclasında iştirak etmək məqsədilə Rumıniyada səfərdə olmuşdur. İclas çərçivəsində həmsədrlər - AR Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Rumıniya Baş nazirinin Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal AR və Rumıniya Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolunu imzalamışdırlar.

03-04 mart 2019-cu ildə Azərbaycan Respublikası xarici işlər naziri cənab Elmar Məmmədyarov Buxarest şəhərində keçirilmiş “Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Rumıniyada işgözar səfərdə olmuşdur.

İqtisadi sahədə əsas sazişlər:

1.Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələri və elmi-texniki əməkdaşlıq haqqında Saziş. Buxarest

2. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət gəmiçiliyi haqqında Saziş. Bakı

3. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş

4. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında beynəlxalq qarışıq daşımalar haqqında Saziş

5. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında investisiyanın təşviqi və qarşılıqlı qorunması haqqında Saziş

6. Azərbaycan Respublikası və Rumıniya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiya.

7. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş

8. Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya Hökumətlərarası Müştərək Komissiyasının təşkili və fəaliyyəti üzrə Əsasnamə.

9. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Rumıniya Kiçik və Orta Müəssisələr və Kooperativlər Milli Agentliyi arasında əməkdaşlıq Memorandumu.

10. 2002-ci il oktyabrın 29-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”ə dəyişikliklər edilməsi barədə Əlavə Protokol.

11. 1995-ci il iyulun 2-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələri və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə dəyişikliklər edilməsi barədə Əlavə Protokol. 

3. Humanitar sahədə əməkdaşlıq

2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 60-a yaxın kitab Azərbaycan və rumın dillərində nəşr olunmuşdur;

Buxarest şəhərinin Tey parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corc Eneskunun büstləri ucaldılmışdır.

10 may 2000-ci ildə Bakıda Rumıniya-Azərbaycan Mədəni Əlaqələr Birliyi və Konstansada Füzuli adına Azərbaycan-Rumıniya Mədəniyyət Cəmiyyəti yaradılmışdır.

Rumıniyanın Ployeşt Neft Qaz Universitetində 2004-cü ilin oktyabr ayından etibarən üç tələbəyə, 2007-ci ildən Buxarest Texniki və İnşaat Universitetinin dörd əlaçı tələbəsinə aylıq Heydər Əliyev təqaüdü verilir;

2009-cu ilin oktyabrında Səfirliyin təşəbbüsü ilə Rumıniyanın Kluj-Napoka şəhərində yerləşən Babeş-Bolyai Universitetinin nəzdində Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutu təsis edilmişdir. 

2009-cu ilin noyabr ayında Heydər Əliyev Fondu, Fondun Rumıniyadakı nümayəndəliyi və Buxarest şəhərinin ikinci sektorunun meriyasının dəstəyi ilə “Gənclər arasında mədəniyyətlərarası mübadilə” layihəsi həyata keçirilmişdir.

1-5 fevral 2010-cu ildə AR Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin elmi-metodiki sektorun müdiri A.Usubəliyev və Mingəçevir Turizm Kollecinin direktoru Ə.Əyyubov Rumıniyada səfərdə olmuşlar. Səfər zamanı Mingəçevir Turizm Kolleci və “Andrey Barsyanu” İqtisadi Kolleci arasında əməkdaşlıq üzrə müqavilə imzalanmışdır.

17-18 iyun 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Azərbaycan millət vəkillərinin, Rumıniyadakı Türkologiya və Mərkəzi Asiya araşdırmaları İnstitutunun və Rumıniyadakı Səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə Rumıniyanın Kluj-Napoka şəhərində “Şərq və Qərb arasında dialoq” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə millət vəkilləri Gövhər Baxşəliyeva, Gültəkin Hacıbəyli və Fazil Mustafa iştirak etmişlər və Türkologiya və Mərkəzi Asiya araşdırmaları İnstitutu ilə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

24 noyabr 2010-cu ildə Rumıniyanın “Balcanii si Europa” (Balkanlar və Avropa) jurnalı tərəfindən ilin yekunlarına görə baş nominasiya üzrə “İlin adamı – 2010” mükafatının Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması haqqında qərar qəbul edilmişdir.

26 fevral – 1 mart 2011-ci ildə AR Prezidentinin “Balcanii şi Europa” jurnalı tərəfindən “İlin adamı – 2010” mükafatına layiq görülməsi ilə əlaqədar, jurnalın baş direktoru K.Roman, NİRO İnvestment Group şirkətinin rəhbəri N.Dumitru Bakıya səfər etmiş, AR Prezidentinə mükafatı təqdim etmişlər.

13-27 oktyabr 2011-ci ildə tarixlərində Rumıniyanın Ployeşt Neft və Qaz Universitetindən və Buxarest Texniki İnşaat Universitetindən Ümummilli Lider Heydər Əliyevin adına təqaüdə layiq görülmüş 7 tələbənin Azərbaycana səfəri təşkil olunmuşdur.

1 aprel 2013-cü ildə Rumıniyanın Kluj-Napoka şəhərindəki Babeş-Boyyai Universitetinin nəzdindəki Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunda Azərbaycan dili tədris olunmağa başlamışdır.

5-6 may 2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Rumıniyada təşkil edilmiş yazı müsabiqəsinin qalibi Rumıniya Mədəniyyət İnstitutunun sədri müavini, Buxarest Yazıçılar İttifaqının sədri Horia Qırbya mükfatlandırma mərasimində iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

18 mart 2014-cü ildə AR-in Rumıniyadakı Səfirliyi, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası və ARDNŞ-in Rumıniyadakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Buxarestdəki “Marriott” mehmanxanasında Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunan geniş tədbir keçirilmişdir. Tədbirdə AR Milli Məclisinin üzvləri Azay Quliyev, Musa Quliyev və Qənirə Paşayeva iştirak etmişdir.

18 mart 2014-cü ildə Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyinin dəstəyi ilə Buxarestdəki Avropa Titulesku Fondunda "Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları - Azərbaycan diqqət mərkəzində" adlı konfrans keçirilmişdir. Tədbirdə AR Milli Məclisinin üzvləri Azay Quliyev, Musa Quliyev və Qənirə Paşayeva iştirak etmişdir.

23 may 2014-cü ildə Rumıniyanın Kluj şəhərinin meriyası tərəfindən təşkil olunan Kluj günləri çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi, ölkənin aparıcı təhsil ocaqlarından olan Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılmışdır. Daha sonra Səfirlik Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun konfrans zalında Azərbaycanın Rumıniyada təbliği, ölkələrimiz arasında münasibətlərin tarixi, hazırkı vəziyyəti və perspektivləri barədə geniş təqdimat keçirmişdir.

2015-ci ilin 7-14 may tarixlərində Azərbaycanın Rumıniyadakı səfirliyinin və AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rumıniyanın "TVR" milli televiziya şirkətinin "Cap Compas" proqramının nümayəndə heyətinin Azərbaycanda səfəri təşkil olunmuşdur. Səfər zamanı Azərbaycana həsr olunan 4 müxtəlif verilişin hazırlanması məqsədilə qonaqlar Azərbaycanın Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Naftalan şəhərlərinin tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olmuşlar. Adıçəkilən televiziya proqramının nümayəndələrinin Azərbaycana səfəri nəticəsində hazırlanmış 4 reportaj Rumıniyanın  “TVR 2”, “TVR İnternational” və “TVR HD” kanalları vasitəsi ilə bir neçə dəfə yayımlanmışdır.

23 may 2015-ci ildə Rumıniyanın Kluj şəhərinin meriyası tərəfindən təşkil olunan Kluj günləri çərçivəsində Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi, ölkənin aparıcı təhsil ocaqlarından olan Babeş-Bolyai Universitetinin nəzdində fəaliyyət göstərən Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Azərbaycan guşəsi yaradılmışdır.

15-17 iyul 2018-ci ildə AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada səfərdə olmuşdurlar.

28 fevral 2019-cu ildə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında keçirilmiş anım mərasimində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rumıniyada səfərdə olmuşdur.

29 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfovun Rumıniyanın xarici işlər naziri xanım Ramona Manesku ilə görüşü keçirilmişdir. Görüş çərçivəsində Səfir H.Nəcəfov Azərbaycan Hökuməti tərəfindən təltif edilmiş “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik medalı”nı xanım R.Maneskuya təqdim etmişdir. 

16 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfovun Avropa Parlamentinin Rumıniyadan olan keçmiş deputatı Norika Nikolai ilə görüşü keçirilmişdir. Görüş çərçivəsində Səfir H.Nəcəfov Azərbaycan Hökuməti tərəfindən təltif edilmiş “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik medalı”nı xanım N.Nikolaiyə təqdim etmişdir.

Humanitar sahədə əsas sazişlər:

1. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikası dövlət elm və texnika Komitəsi ilə Rumıniya Tədqiqatlar və Texnologiya Nazirliyi arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rumıniyanın Səhiyyə Nazirliyi arasında Səhiyyə və Tibb elmləri sahəsində əməkdaşlıq haqqında 1996-2000-ci illər üçün Saziş.

4. “AzərTac” Dövlət Teleqraf Agentliyi ilə Rompes Nəşr Agentliyi arasında əməkdaşlıq haqqında Saziş

5. Rumıniya Akademiyası və Azərbaycan Elmlər Akademiyasının arasında əməkdaşlığa dair Protokol.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Rumıniya Təhsil və Tədqiqatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Buxarest,

7. “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Rumıniya Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş. Buxarest

8. “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti və Rumıniya Televiziya Qurumu arasında Əməkdaşlıq Sazişi. Buxarest, 11 oktyabr 2004;

9. “Bakı Dövlət Universiteti (Azərbaycan), Buxarest Lazer, Plazma və Radiasiya Fizikası üzrə Milli İnstitutu (Rumıniya) və Konstansa “Ovidius” Universitetinin Mikro və NANO strukturlar üzrə Fənlərarası Tədqiqat Mərkəzi (Rumıniya) arasında əməkdaşlıq haqqında Saziş

10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rumıniyanın Mədəniyyət və Dini İşlər Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş.

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Rumıniyanın Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Saziş

Müqavilə-hüquq bazası – iki ölkə arasında 58 müqavilə və saziş imzalanmışdır.

 Arayışın son yenilənmə tarixi – 01.02.2020

 

Arxiv üzrə axtarış