2015-06-24

Buxarest şəhərində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul Nazirlərinin iclası

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi (AGRİ) üzrə nazirlər səviyyəsində 24 iyun 2015-ci il tarixində Buxarest şəhərində təşkil olunmuş iclasda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının energetika naziri cənab Natiq Əliyev 23-24 iyun 2015-ci il tarixində Rumıniyaya işgüzar səfər etmişdir.

 Səfər çərçivəsində 23 iyun 2015-ci il tarixində Natiq Əliyev, SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Azərbaycanın Rumıniyadakı Səfiri Fərid Abdinbəyov və SOCAR-ın Rumıniya Nümayəndəliyin Baş direktoru Həmzə Kərimov Buxarest şəhərində yerləşən Heydər Əliyev Xiyabanı - Tey parkında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət etmişlər.

         24 iyun 2015-ci il tarixində Buxarest şəhərində Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul Nazirlərinin iclası keçirilmişdir. AGRİ layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin (Rumıniyanın energetika, orta və kiçik sahibkarlıq və biznes mühiti nazirliyində nazir Andrey Dominik Gerea, AR energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili, Macarıstanın Rumıniyadakı Səfiri Botond Zakony) qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunmuşdur.

AGRİ layihəsi üzrə Nazirlər iclasını açıq elan edən Rumıniyanın energetika, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrey Dominik Gerea bildirmişdir ki, regionda baş verən son geosiyasi proseslər fonunda bu layihənin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir və onun icrası üçün tezliklə əməli addımların atılmasına ehtiyac duyulur. Avropa regionunda təbii qaza olan tələbatın ildə-ilə artdığını diqqətə çatdıran A.D.Gerea sözügedən layihənin maliyyələşdirməsi üçün Avropa İttifaqının birgə maraq doğuran layihələr (Projects of Common İnterest) siyahısına daxil edilməsini və özəl şirkətlərin layihənin icrasında aktiv iştirakını təklif etmişdir.

Daha sonra, Böyük Britaniyanın “PENSPEN” şirkəti tərəfindən AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırmasına (TİƏ) dair tədbir iştirakçıları üçün qısa təqdimat edilmişdir.

AR energetika naziri Natiq Əliyev AGRİ layihəsinin 2010-cu ildə Azərbaycan və Rumıniya Prezidentlərinin təşəbbüsü ilə başlanıldığını və son 5 il ərzində icrası üçün bir sıra işlərin həyata keçirildiyini qeyd etmişdir. Layihənin TİƏ-sinin 2014-cü ilin dekabr ayında hazırlanaraq “AGRİ LNG” şirkətinə təhvil verildiyini xatırladan Nazir hal-hazırda AGRİ layihəsinin gələcək taleyinin müəyyən edilməsi üçün vacib məqam olduğunu bildirmişdir. N.Əliyev layihənin iqtisadi və sosial əhəmiyyətindən bəhs etmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşurutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat vermişdir.

Müxtəlif işçi sessiyalar üzrə işini davam etdirən iclasda qeyd edilən layihənin gələcək taleyi, həyata keçirilməsi və regionun enerji təhlükəsizliyində oynaya biləcəyi rol ilə əlaqədar məsələlər geniş şəkildə müzakirə olunmuşdur.

İclasda çıxış edən "BP" şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse - prezidenti Joe Murphy qeyd etmişdir ki, AGRİ layihəsinə Cənub Qaz Dəhlizinin əlavə komponenti kimi baxılmalıdır və bu layihənin səmərəli şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.

İclasın sonunda AGRİ layihəsi üzrə Birgə Bəyannamə (əlavə olunur) qəbul edilmişdir. Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin əlavə komponenti olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunmuşdur. 

Arxiv üzrə axtarış