2016-03-28

Azərbaycan və Rumıniya XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

10 mart 2016-cı il tarixində Azərbaycan və Rumıniya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniyanın xarici işlər nazirinin müavini Daniel İonita arasında görüş keçirilib.

X.Xələfov ölkəmizin Rumıniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirdi. Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu bildirən X.Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, kommunikasiya, humanitar və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu nəzərə çatdırdı.

Nazir müavini tarixi “İpək Yolu”-nun bərpası, Şərq-Qərb” və “Şimal-Cənub“ nəqliyyat dəhlizi kimi irimiqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın rolunu qeyd edərək, Xəzər dənizi və Qara dəniz arasında nəqliyyat daşımalarının həyata keçirilməsində tranzit ölkələr kimi Azərbaycan və Rumıniyanın xüsusi əhəmiyyətə malik olduqlarını diqqətə çatdırdı.

Enerji sahəsində əməkdaşlıq haqqında danışan X.Xələfov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbəyi kimi Azərbaycanın rolunu qeyd etdi.
Nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad əsasında iki ölkə arasındakı əməkdaşlığı vurğuladı.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən Xələf Xələfov, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirdi. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında mümkün olduğunu vurğuladı.

D.İonita Azərbaycana yenidən səfər etməsindən məmnunluq ifadə edərək, IV Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi. O, Rumıniyanın Azərbaycan ilə xüsusi münasibətlərə malik olduğunu qeyd edərək, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan ruminıyalı diplomat cari ildə bir sıra səfərlərin planlaşdırıldığını diqqətə çatdırdı və ölkələrimiz arasında siyasi dialoqun daha da gücləndirilməsinin vacibliyini vurğuladı.

Rumıniyanın Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən D.İonita Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin sonlarında keçirilməsinin nəzərdə tutulduğunu, həmçinin iclas çərçivəsində biznes forumun təşkilinin mümkünlüyün qeyd etdi.

Bundan əlavə, o, iki ölkə arasında kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya, müdafiə, mədəniyyət, təhsil, tələbə və müəllimlər üçün mübadilə proqramlarının təşkili sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu xüsusilə qeyd etdi.

Azərbaycanın regionda Rumıniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayan rumıniyalı nazir müavini ölkəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirdi.

D.İonita ölkəsinin bundan sonra da Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olması üçün öz həmkarını Rumıniyaya səfərə dəvət etdi.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş" imzalandı.

 

Arxiv üzrə axtarış