Azərbaycanda yaşayan dini konfessiya rəhbərlərinin dünya ictimaiyyətinə MÜRACİƏTİ
Sizlərə Vətənimiz Azərbaycanda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən təxribatlarla bağlı narahatlığımızı bölüşmək niyyətilə müraciət edirik. Bu bizim din xadimi olaraq O Bir Olan Yaradan və vətəndaş olaraq Vətən qarşısında borcumuzdur.
Dünyanı məhvərindən çıxmaga qoymayan ümumi mənəvi dəyərlərə istinad edən biz, din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış edirik. Yaradanın bizlərə əmanət etdiyi insan həyatının rifah və tərəqqisi üçün sülhün, ədalətin mövcudluğu mühüm şərtdir. Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların rəhbərləri olaraq biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələrə dair fikirlərimizi məhz ədalətli sülhün bərqərarı niyyətilə dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.
Tarixən müharibələr işğalçı və azadlıq uğrunda aparılan müharibələr olmaqla iki qismə bölünüb və gec-tez ədalətli tərəf qalib gəlir. Hazırda bir tərəfdə tolerant, xoşməramlı, multikultural, rifah yolunda addımlayan, öz gücünə güvənən Azərbaycan, digər tərəfdə monoetnik, təcavüzkar siyasətini davam etdirən Ermənistan. Dünya birliyinin aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların uzun illər boyunca problemin sülh yolu ilə həlli istiqamətində səyləri, əfsuslar olsun ki, heç bir nəticə vermir. Beynəlxalq hüququn tələbləri Ermənistan tərəfdən yerinə yetirilmir. Dünyanın işğalçı və işğala məruz qalan tərəfə bərabər yanaşması, bəzən qərəzli, bəzən qüsurlu qərarların verilməsi, Xocalı soyqırımını törətmişləri qınamaması, atəşkəs rejiminin pozulmasına etinasızlıq, hərbçilərimizin öz torpaqlarında snayper güllələrinə tuş gəlməsinin, mülki əhalinin mütəmadi gülləbaran edilməsinin, vandalizm aktlarının sükutla qarşılanması, münaqişənin real həll edilməsi əvəzinə dondurulması — bütün bunlar Qarabağ münaqişəsinin bölgədə hər an alovlana biləcək ocaq kimi nəzərdən keçirilməsinə əsas verir.
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatlara əl atması Ermənistanın işğalçı niyyətlərini bir daha sübut etdi. Münaqişənin sülh yolu ilə həllinə üstunluk verən, günahsız qurbanların sayının artmasını istəməyən Azərbaycan tərəfi əvvəlcə birtərəfli qaydada atəşkəs elan etdi. Hal-hazırda ümumi atəşkəs haqda razılaşma əldə olunsa da, qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır.
Dünya, o cümlədən, ermənilərin özləri Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ respublikası adlandırdırılan qondarma qurum heç kəs tərəfindən qəbul edilmir, nəticə etibarilə, işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır. Separatçı, terrorçu rejimin müdafiəsini məhz Ermənistan həyata keçirir.
Müharibə hər zaman insan itkisi ilə müşayiət olunur. Lakin bir məsələ nəzərdən qaçırılmamalıdır ki, haqq yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peygəmbər Mühəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimsi, imanın, mənəviyyatın ən yüksək zirvəsinə ucalmışlardır və cənnətməkandırlar. Erməni əsgərləri isə qəsbkar rejim yolunda ölürlər.
Dövlət başçımız - Ali Baş Komandan İlham Əliyevin düzgün vurğuladığı kimi, erməni əsgərlər ölmək istəmirlərsə, bizim torpaqlarımızı tərk etməlidirlər. Azərbaycan xalqının səbr kasası dolmuşdur, onilliklərlə davam edən işğal faktına son qoymaq üçün vətənpərvər, yüksək peşəkar nizami Azərbaycan ordusu hər an Ali Baş Komandanın əmrinə müntəzirdir. Azərbaycanın dövlət başçısının sülhpərvər siyasətini dəstəkləyən Azərbaycan xalqı münaqişənin dondurulmuş halda qalmasını istəmir, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli sülhün bərqərarını istəyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycan xalqının suveren hüququdur. Beynəlxalq hüquq bunu təmin edə bilməzsə, Azərbaycan xalqı Ali Baş Komandanının rəhbərliyi ilə ədaləti bərpa etməyə qadirdir. Erməni xalqı və dövləti bu həqiqəti nə qədər tez qəbul edərsə, özləri mübtəla olduqları müsibətdən daha tez xilas ola bilər.
Biz, Azərbaycanın din xadimləri, dindarlarımızın iradəsini ifadə edərək, üzümüzü dünya ictimaiyyətinə tutur, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ədalətli həllində, BMT-nin qəbul etdiyi 4 məlum qətnamənin müddəalarının tələblərinin yerinə yetirilməsində təkid etməyə çağırırıq. Bu münaqişənin ədalətli sülh yolu ilə həlli dünyada sülhün, əmniyyətin bərqərar olmasına töhfə olmaqla yanaşı, beynəlxalq hüquqa inam və etimadı artırmış olar. Əks halda, ehtiyat edirik ki, münaqişə daha geniş miqyas ala bilər. Azərbaycan dindarları dövlət başçımızın münaqişənin həlli istiqamətində atdığı addımları dəstəkləyir, problemin sülh yolu ilə həlli üçün dualar etməklə yanaşı, işğalçıların qeyd-şərtsiz ərazilərimizdən çıxmasını tələb edirlər.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlıqlarımızı bildirir, Uca Allahdan şəhidlərə rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirik.
Qoy Uca Yaradan torpaqlarımızda ədalətin zəfər çalmasında bizə yardımçı olsun! AMİN!
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSANDR
Bakı və Azərbaycan arxiyepiskopu
Melih YEVDAYEV,
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Gennadi ZELMANOVİÇ,
Azərbaycandakı Avropa yəhudiləri icmasının sədri