Buxarest şəhərində “Xəzər Dənizi – Qara Dəniz Forumu: Enerjidən savayı” adlı forum keçirilmişdir
Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşəbbüsü ilə cari ilin 22 noyabr tarixində Buxarest şəhərində Rumıniyanın Sənaye və Ticarət Palatasının təşkilatçılığı və Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın Rumıniyadakı Səfirliklərinin iştirakı ilə “Xəzər Dənizi – Qara Dəniz Forumu: Enerjidən savayı” (Caspian – Black Sea Forum: Beyond Energy) adlı forum keçirilmişdir. Qeyri-neft sektorunda fəaliyyət göstərən 50-dən çox Rumın şirkətinin nümayəndələrinin iştirak etdiyi forumda sözügedən dörd ölkənin iqtisadiyyatı, sərmayə imkanları və layihələr, gömrük prosedurları, ticarət qanunvericiliyi və ölkədəki infrastruktur imkanları barəsində tədbir iştirakçılarına ətraflı məlumatın verilmişdir.
Tədbirdə Azərbaycanda investisiya imkanları barəsində çıxış edən Səfirliyin attaşesi Fərid Məmmədov ölkədə yaradılmış sənaye parkları, bu sahədəki müvafiq qanunvericilik və şərtlər, Azərbaycanın sənaye kataloqu, vergi qanunvericiliyi və gömrük sahəsində həyata keçirilən islahatlar və investisiyaların yatırılması üçün yaradılmış əlverişli şərait barəsində iştirakçıları məlumatlandırmışdır. Azərbaycanda dövlət əhəmiyyətli prioritet layihələr, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) tərəfindən nəşr edilmiş investisiya layihələri barədə işgüzar dairələrin nümayəndələri məlumatlandırılmışdır.
Ölkələrin iqtisadi imkanları barəsində olan çıxışlardan sonra tədbir iştirakçılarını Azərbaycanla bağlı suallara cavab verilmişdir. Bu xüsusda, bu yaxınlarda istifadəyə verilmiş Bakı – Tbilisi – Kars dəmir yolunun və Ələtdə yerləşən liman kompleksinin texniki imkanları, region üçün əhəmiyyəti və beynəlxalq yüklərin daşınması üçün yaratdığı şərait barəsində ətraflı məlumat verilmişdir.
Daha sonra tədbir işgüzar dairələrin nümayəndələri ilə fərdi görüşlər şəklində davam etmişdir. Azərbaycan nümayəndələri ilə şirkət nümayəndələri arasında keçirilmiş 20-yə yaxın görüş zamanı Azərbaycanın xarici bazara çıxara biləcəyi məhsullar və şirkətlər, eləcə də Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün maraq doğura biləcək layihələr və şirkətlər barədə məlumat verilmişdir. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən sənaye parkları, ölkəmizin əczaçılıq sahəsi haqqında məlumatlar, eləcə də “Azərbaycan sənayesi: şirkətlər və məhsullar” və “Azərbaycanda istehsal olunub” adlı kataloqlar Rumıniyanın işgüzar dairələri arasında yayılmışdır.