2017-12-12

Buxarestdə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir

2017-cı ilin 12 dekabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilmişdir. 

Anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin, “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri  iştirak etmişlər.   

Mərasimdə ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə əklillər qoyulmuşdur.

Tədbir iştirakçılarına müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs olunmuş və bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılmışdır.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdirmişlər. 

 

Arxiv üzrə axtarış