12 dekabr 2018-ci il tarixində Rumıniya xarici işlər naziri Teodor Meleşkanu ilə Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov arasında görüş keçirilmişdir.
12 dekabr 2018-ci il tarixində Rumıniya xarici işlər naziri Teodor Meleşkanu ilə Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov arasında görüş keçirilmişdir.
Görüş zamanı Hüseyn Nəcəfov Rumıniya xarici işlər nazirinə etimadnaməsinin surətini təqdim etmişdir.
Həmsöhbətlər Rumıniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin müsbət yöndə inkişaf etməsi barədə, hər iki ölkənin iştirakı ilə Aİ və regional səviyyədə gələn il keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparmışdırlar.
Nazir T.Meleşkanu Azərbaycanın Cənubi Qafqazda Rumıniya üçün yeganə Strateji Tərəfdaş ölkə olduğunu qeyd etmiş, Rumıniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın mövcud olan regional imkanlar vasitəsilə möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır. Bu mövzuda Xəzər Dənizi-Qara Dəniz Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinin həyata keçirilməsində Rumıniyanın maraqlı olduğu nazir tərəfindən qeyd edilmiş və cari ildə “Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın 5-ci iclasını keçirilməsindən məmnunluğunu bildirmişdir.
Rumıniyanın 2019-cu ilin ilk yarısında Aİ Şurasına sədrliyi nöqteyi-nəzərdən Aİ çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının artacağı nazir tərəfindən qeyd edilmişdir.
Səfir Hüseyn Nəcəfov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu qeyd edərək, ölkələrimiz arasında tarix boyu əlaqələrin yaxşı olmasından, Azərbaycan-Rumıniya arasında siyasi əlaqələrin yüksək səviyyəsindən bəhs etmişdir.
Daha sonra səfir iki ölkə arasındakı Strateji Tərəfdaşlıq zəminində iqtisadi əlaqələrin səviyyəsinin də siyasi əlaqələrin səviyyəsinə çatdırılmasının əhəmiyyətini vurğulamış, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin mütəmadi olaraq həyata keçirilməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır.
Görüşün sonunda rumıniyalı nazir səfir Hüseyn Nəcəfova müvəffəqiyyətlər arzulamış və Rumıniyada fəaliyyətini həyata keçirilməsində Xarici İşlər Nazirliyinin tam dəstək verəcəyinə əmin olmasını bildirmişdir.
Səfir H.Nəcəfov öz növbəsində Rumıniya xarici işlər naziri T.Meleşkanuya bir daha təşəkkürünü bildirmiş, ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini vurğulamışdır.