2019-cu ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov Rumıniya Prezidenti Klaus Verner Yohannisə etimadnaməsini təqdim etmişdir.
2019-cu ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfov Rumıniya Prezidenti Klaus Verner Yohannisə etimadnaməsini təqdim etmişdir.
Təqdimetmə mərasimi Prezident iqamətgahı Kotroçeni sarayında keçirilmişdir.
Rəsmi hissədən sonra baş tutmuş görüşdə Prezident K.Yohannis səfir H.Nəcəfovu təyinatı ilə bağlı təbrik etmiş və onu Kotroçeni sarayında qəbul etməkdən məmnun olduğunu bildirmişdir.
Səfir Hüseyn Nəcəfov ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Rumıniya Prezidentinə çatdırmışdır. Rumıniya Prezidenti Klaus-Verner Yohannis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirmiş və Azərbaycanın dövlət başçısına öz salamlarını çatdırmağı xahiş etmişdir.
Görüş zamanı səfir H.Nəcəfov Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, həmçinin Azərbaycanın Cənubi Qafqazda Rumıniyanın Strateji Tərəfdaşı olduğunu qeyd etmişdir. İki ölkə arasında münasibətlərin dərin köklərə və əməkdaşlıq ənənələrinə əsaslandığı, münasibətlərin bu gün də uğurla genişləndirilməsindən məmnunluq ifadə olunmuşdur.
Azərbaycanın regionda Rumıniyanın etibarlı tərəfdaşı, Rumıniyanın isə Avropa İttifaqında Azərbaycanın yaxın müttəfiqi olduğu vurğulanmışdır.
Səfir, 2019-cu ilin ilk yarısında Rumıniyanın Aİ Şurasına sədrliyi ilə bağlı dövlət başçısını təbrik etmiş, sözügedən qurum çərçivəsində fəaliyyətində uğurlar arzulamış və sədrlik müddətində Aİ-Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanması üzrə Rumıniyanın töhfə və dəstək verəcəyinə əminliyini bildirmişdir.
Səfir H.Nəcəfov Azərbaycan-Rumıniya münasibətlərin yüksələn xətt üzrə inkişaf edərək Strateji Tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd etmiş və 2019-cu ildə iki ölkə arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş”in (28 sentyabr 2009-cu il, Buxarest) imzalanmasının 10-cu ildönümünün tamam olacağını qeyd etmişdir.
Görüş çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, ölkəmiz üçün həssas məsələ ilə bağlı Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının həmişə Rumıniya tərəfindən dəstəkləndiyi üçün minnətdarlıq bildirilmişdir.
Ölkələrimiz arasındakı siyasi əlaqələrin yüksək qiymətləndirən səfir H.Nəcəfov iki ölkə arasındakı Strateji Tərəfdaşlıq zəminində iqtisadi əlaqələrin səviyyəsinin də siyasi əlaqələrdəki kimi inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Səfir iki ölkə arasında münasibətlərin dərinləşməsi istiqamətində gələcək fəaliyyətinin Rumıniya ilə qarşılıqlı dəstək, anlaşma və əməkdaşlıq meyarları əsasında həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Prezident K.Yohannis ümumilikdə iki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etmiş, iqtisadi əlaqələrin inkişafı istiqamətində qarşılıqlı olaraq səylərin artırılmasının vacibliyi ilə bağlı səfirin fikirləri ilə razı olduğunu bildirmişdir. Dövlət başçısı eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniyanın xarici siyasətinin dəyişməz olaraq qaldığını vurğulamışdır.
Yekunda Rumıniya Prezidenti səfir Hüseyn Nəcəfova gələcək fəaliyyətində uğurlar arzulamış və bu istiqamətdə ona Rumıniya Prezident Administrasiyasının və hökumətinin yaxından dəstək olacağını bildirmişdir.