Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən anım mərasimi keçirilmişdir
2019-cu ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən anım mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Tey Parkı-Heydər Əliyev Xiyabanı”na Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklillər qoymuşlar.
Anım mərasimində Səfirliyin əməkdaşları, “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Rumıniyada Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Nəcəfov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verərək, Azərbaycanın yeni tarixinin bütöv hissəsinin müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir. Vurğulanmışdır ki, 1993-cü ildə yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən Ümummilli Lider Heydər Əliyev xilas etmişdir. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi və yenilməz iradəsi sayəsində ölkə fəlakətdən qurtarılmışdır.
Səfir qeyd etmişdir ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız unutmur və unutmayacaqdır. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi qalmışdır. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daxili və xarici siyasəti ilə ölkənin nüfuzu artmış, inkişafa nail olunmuş, müstəqilliyimiz əbədi və dönməz edilmişdir.
Səfir bildirmişdir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olmuş və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilmişdir. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti bütün sahələrdə olduğu kimi xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışını yekunlaşdıran səfir Hüseyn Nəcəfov tədbir iştirakçılarını Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.
Sonra Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində Azərbaycan xalqının adət-ənənələrinə uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılmışdır.