2019-10-30

Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfovun Rumıniyanın xarici işlər naziri xanım Ramona Manesku ilə görüşü

2019-cu ilin 29 oktyabr tarixində Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Nəcəfovun Rumıniyanın xarici işlər naziri xanım Ramona Manesku ilə görüşü keçirilmişdir.
Görüş zamanı ölkələrimiz arasındakı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılmış, iqtisadi əməkdaşlığın genişləndirilməsi, regional energetika və nəqliyyat layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Səfir Hüseyn Nəcəfov xanım R.Maneskunun Avropa Parlamentinin deputatı mandatında ikitərəfli münasibətlərin genişlənməsi istiqamətində görülmüş işlər və əməkdaşlığın Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycan Hökuməti tərəfindən təltif edilmiş “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik medalı”nı xanım R.Maneskuya təqdim etmişdir. Görüşdə Azərbaycan və Rumıniya arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilmiş, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında sazişin bu il 10-cu ildönümünün qeyd olunduğu xüsusi vurğulanmışdır.
İki ölkə arasında iqtisadi əlaqələrə toxunan R.Manesku, ölkələrimizin regionda Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu, Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsi kimi bir sıra enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi istiqamətində yaxından əməkdaşlıq etdiyini qeyd etmiş, sözügedən layihələrin həyata keçirilməsi üzrə səylərin davam etdiriləcəyini bildirmişdir.
Ramona Manesku münasibətlərimizin inkişafı sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyi və medalla təltif edildiyi üçün Azərbaycan Hökumətinə təşəkkürünü bildirmişdir.
Nazir Ramona Manesku, Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçməsi münasibəti ilə təbriklərini çatdırmışdır.

foto_rm_2(1)

foto_rm_1(1)

Arxiv üzrə axtarış