2019-12-09

Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarestdə keçirilən Beynəlxalq Qadınlar Assosiasiyasının ənənəvi diplomatik xeyriyyə bazarında (Charity Bazaar) ayrıca guşə ilə təmsil olunub.

Tədbirdə Rumıniyada akkreditə olunan 40-dan çox ölkənin diplomatik nümayəndəlikləri, həmçinin müxtəlif təşkilatlar, fondlar, şirkətlər və KİV nümayəndələri iştirak edib.

Diplomatik missiyaların rəhbərlərinin həyat yoldaşlarının təşkilatçılığı ilə keçirilən xeyriyyə bazarında ənənəvi olaraq iştirakçı ölkələr öz mədəniyyət, incəsənət, musiqi və milli mətbəx nümunələrini nümayiş etdirib və satışdan əldə olunan vəsaitlər təşkilat komitəsi tərəfindən xeyriyyə məqsədləri üçün istifadə olunub.

Xeyriyyə bazarında iştirak edən səfirliyimizin əməkdaşları xalqımıza məxsus mədəni, tarixi, milli irs nümunələrini, mətbəximizin ləziz təamlarını nümayiş etdirib, ziyarətçilərə ölkəmizin tarixi, ədəbiyyatı, milli kulinariya və turizm potensialını əks etdirən müxtəlif kitablar, açıqcalar və bukletlər paylayıb. Eyni zamanda, milli məhsullarımızın təbliği məqsədilə Azərbaycan stendində təqdim olunmuş “Xurcun”, “Farko”, “Ulduz”, “Astaraçay” şirkətlərinin məhsulları iştirakçılar tərəfindən böyük həvəslə alınıb.

Həmçinin, Azərbaycan stendində paytaxtımızın görkəmli yerlərinin təsvirləri, ölkəmizə aid şəkillər, yerli sənətkarlıq nümunələri tədbirdə iştirak edən minlərlə izləyici, o cümlədən hökumət və mətbuat nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun yerli mətbuat nümayəndələrinə müsahibəsi və ölkəmizin xeyriyyə bazarında iştirakı Rumıniyanın aparıcı KİV-ləri tərəfindən işıqlandırılıb.

IWA20193

IWA20192

IWA20191

IWA20196

IWA20194

IWA20195

Arxiv üzrə axtarış