Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə “Tey” parkında Ümummilli Liderin büstü önünə əklillər qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verərək, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirib. Vurğulanıb ki, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi və yenilməz iradəsi sayəsində ölkə fəlakətdən qurtulub.
Diplomat bildirib ki, Azərbaycanın xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin əvəzsiz xidmətlərini xalqımız heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi qalıb. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkənin nüfuzu artıb, inkişafa nail olunub, müstəqilliyimiz əbədi və dönməz olub.
H.Nəcəfov diqqətə çatdırıb ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin siyasi xətti bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.