2020-01-21

Rumıniya KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayılıb

Rumıniya KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentliyi və “Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Qara Yanvar” - müasir Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtəsi” sərlövhəli məqaləsini yayıb.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib. Faciənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd edilib. Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyi diqqətə çatdırılıb. Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları və 300 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulması barədə məlumat verilib. M.Qorbaçovun uğursuz “perestroyka”sı nəticəsində 1980-ci illərin sonlarından Sovet İttifaqında dezinteqrasiya proseslərinin başlandığı və Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatının canlandığı, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkünsüz olmasını anladığı və əvəzində terrora əl atdığı bildirilib.

Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayıb. Bildirilib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

https://www.agerpres.ro/ots/2020/01/20/20-ianuarie-1990-o-pagina-eroica-in-istoria-luptei-pentru-independenta-si-integritate-teritoriala-a-azerbaidjanului--640808

https://ultima-ora.ro/ianuarie-negru-punctul-de-inceput-in-drumul-spre-independenta-azerbaidjanului-contemporan/

Arxiv üzrə axtarış