Rumıniyanın AGERPRES agentliyi Azərbaycanda keçiriləcək parlament seçkiləri barədə məqalə yayıb
Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı məqaləsini yayıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin uğurlu siyasətini dəstəkləyir və ölkədə yüksək templə aparılan islahatları alqışlayır. Bildirilir ki, ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Bu baxımdan, Milli Məclisin buraxılması təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun prosesdir. Qeyd olunur ki, noyabrın 28-də Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Milli Məclisin dekabrın 2-də keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərar qəbul olunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib. Prezident İlham Əliyev deputatların parlamentin buraxılması üçün ona müraciətinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Prezidentin sorğusuna baxılıb və Milli Məclisin buraxılması barədə qərar qəbul edilib. Dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Yazıda Milli Məclisə seçkilərdə namizədlərin, səsverməni izləyəcək xarici və yerli müşahidəçilərin sayı barədə məlumat verilir. Həmçinin seçkilərin yüksək nəticələr verəcəyinin gözlənildiyi diqqətə çatdırılır.