2020-03-30

31 Mart - Azərbaycanlıların soyqırımı

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir.

1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüası altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.

Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaхıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır.

1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin  yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürmüşdülər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.

1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər  bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli  3587 nömrəli Sərəncam imzalanmışdır.

March 31 – Genocide of Azerbaijanis

Arxiv üzrə axtarış