2020-08-27

Rumıniya nəşrində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı barədə məqalə dərc olunub

Rumıniyanın “İnfo Sud-Est” analitik informasiya qəzetində Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovun Azərbaycan-Ermənistan sərhədində işğalçı ölkənin törətdiyi hərbi təxribata və Dağlıq Qarabağ münaqişəsinə dair geniş müsahibəsi dərc edilib.

Müsahibədə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın törətdiyi hərbi təxribatın 30 ilə yaxındır ölkəmizə qarşı davam edən hərbi təcavüzünün davamı kimi qiymətləndirilib, torpaqlarımızın 20 faizinin işğal altında olduğu və həmin ərazilərdə etnik təmizləmə həyata keçirildiyi diqqətə çatdırılıb. Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların münaqişənin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tələb edən qətnamə və qərarları barədə ətraflı məlumat verilib.

Səfir bildirib ki, iyulun 12-16-da Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın Tovuz bölgəsini hədəf seçən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı baş verib. Erməni silahlı bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən sərhəd qoşunlarının mövqelərini və sərhəd kəndlərini artilleriyadan atəşə tutublar. Erməni silahlı qüvvələrinin yeni ərazilər və strateji əhəmiyyətli yüksəkliklər ələ keçirmək cəhdinin qarşısı ordumuzun cavab atəşi ilə qətiyyətlə alınıb.

Diplomat Ermənistanın bu hücumu törətməkdə məqsədinin həmin ərazidən keçən Şərq-Qərb nəqliyyat dəhlizinə və mühüm neft-qaz kəmərlərinə təhlükə yaratmaq olduğunu bildirib, Azərbaycanın öz sərhədində hərbi məqsədlərinin olmadığını və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllinə çalışdığını qeyd edib.

Münaqişənin tarixi aspektlərinə toxunan səfir qeyd edib ki, Qarabağ Azərbaycan ərazisində mövcud olmuş bütün qədim dövlətlərin ayrılmaz tərkib hissəsi olub. Diplomat Dağlıq Qarabağ münaqişəsinin 1987-ci ildən ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq ərazi iddiaları və etnik zəmində təxribatları ilə hərbi müstəviyə keçdiyini bildirib, o cümlədən azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovulduğu, münaqişə tarixində ən qanlı hadisə olan Xocalı faciəsindən və onun ağır nəticələrindən danışıb.

Münaqişənin həlli ilə bağlı görülən tədbirlərə toxunan H.Nəcəfov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Helsinki Yekun Aktına və beynəlxalq hüquqa əsaslanan danışıqlar prosesinin mahiyyəti Azərbaycan ərazilərinin işğaldan azad olunmasını və azərbaycanlı qaçqınların öz yurdlarına qaytarılmasını təmin etmək, ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyünü bərpa etməkdir.

Səfir qeyd edib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və nəticə əldə edilməsinə yönəlmiş məzmunlu danışıqların tərəfdarıdır. Eyni zamanda, danışıqların əbədi davam edə bilməyəcəyini deyən diplomat Prezident İlham Əliyevin Azərbaycanın heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcəyini dəfələrlə vurğuladığını bildirib.

Arxiv üzrə axtarış