2020-10-03

Rumıniyanın “Ultima Ora” internet xəbər portalında Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı”na dair məqaləsi dərc edilib.

Məqalədə cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar və artilleriya qurğularından atəşə tutduğu, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığı bildirilir. Mülki əhali və Azərbaycanın silahlı qüvvələrinin hərbçilərinin həlak olduğu, bir çox evlərə və digər mülki infrastruktura güclü zərbələrin dəydiyi vurğulanır.

Səfir bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir.

Qeyd edilib ki, Ermənistan Silahlı Qüvvələri cəbhə bölgəsindəki Azərbaycan mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir, mülki şəxsləri hədəf alır və terror üsullarından istifadə edir.

Bildirilir ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Həmçinin qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücumu, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində Azərbaycana qarşı hərbi təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesini mənasız etdiyini bildirmiş və danışıqlar formatını dəyişdirmək cəhdi kimi qiymətləndirilmişdir.

Qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

Səfir Hüseyn Nəcəfov bu qanlı döyüşlərin bütün Azərbaycan xalqı üçün həqiqət anı olduğunu xüsusi vurğulayıb, mövqeyimizin beynəlxalq hüquqa və ədalətə əsaslandığı diqqətə çatdırılıb.

https://ultima-ora.ro/o-alta-provocare-militara-a-armeniei-impotriva-azerbaidjanului/

Arxiv üzrə axtarış