2021-02-25

Rumıniyada Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycanın Rumıniyadakı səfirliyi Buxarest şəhərində yerləşən “Ramada” otelində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirib.

Tədbirdə Rumıniya parlamentinin Deputatlar Palatasının üzvləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, ziyalılar, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin nümayəndələri, Rumıniyada müsəlman icmasının müftisi, “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Rumıniya ali təhsil ocaqlarının professor və tələbə heyəti, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.

Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Xocalı soyqırımının baş vermə səbəbləri, nəticələri, beynəlxalq müstəvidə verilmiş qiymət və bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Səfir xüsusilə vurğulayıb ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə düzgün siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral, Xocalı soyqırımı günü elan edilib.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisi və mülki şəxslərinə qarşı yönəlmiş cinayət və terrorçuluq fəaliyyətinin XXI əsrdə də davam etdirildiyi, İkinci Qarabağ müharibəsi dövründə münaqişə zonasından çox uzaqda yerləşən, hərbi hədəf əlamətləri olmayan şəhərlərimizdəki yaşayış məntəqələrinin növbəti dəfə xüsusilə qadağan olunmuş ballistik raketlərlə hədəfə alınmasının, bu ölkənin terrorçu mahiyyətinin bir daha bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Diplomat qeyd edib ki, 44 günlük Vətən müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərən rəşadətli Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri sırasında Xocalı soyqırımının cəlladları da vardı. Müzəffər Ali Baş Kamandan İlham Əliyevin qətiyyətli iradəsiylə İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatıb.

H.Nəcəfov çıxışının sonunda tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Mərasimdə Buxarest Universitetinin professoru, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan çıxış edərək Azərbaycan xalqının uzaq və yaxın keçmişdə öz dövlətinin qurulması və müstəqilliyinin qorunması uğrunda çətin yol keçdiyini bildirib, bu çətinliklərin əsas səbəbinin Azərbaycanın Cənubi Qafqazın ən zəngin ölkələrindən biri olması və regiondakı strateji əhəmiyyətindən ibarət olduğunu qeyd edib. Professor D.Balan ölkəmizin müstəqillik tarixindən danışaraq, Xocalı soyqırımının yalnız Xocalı şəhərinin günahsız sakinlərinə qarşı deyil, həm də bütövlükdə bəşəriyyətə, bütün sivilizasiyalara və beynəlxalq aləmə qarşı törədilən soyqırımı olduğunu qeyd edib.

Anım mərasimində Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” adlı film nümayiş olunub.

Tədbir çərçivəsində Xocalı soyqırımına həsr olunmuş fotosərgi təşkil olunub, Xocalıda törədilən vəhşilikləri, həmçinin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mülki əhalisinə qarşı törədilən terror aktlarını özündə əks etdirən fotoşəkillər, soyqırımı barədə dərc edilmiş materiallar, rumın və ingilis dillərdə broşürlər, kitablar, CD-lər, məqalələr tədbir iştirakçılarına təqdim edilib.

Bundan əlavə, səfirliyin binasının önündə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə anım guşəsi yaradılıb. Həmçinin 26 fevral tarixində Buxarest şəhərində yerləşən məsciddə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq cümə namazı qılınacaq və azan oxunacaq.

Eyni zamanda, Rumıniyanın “Ultima Ora” qəzetində səfir Hüseyn Nəcəfovun müəllifi olduğu “Xocalı soyqırımı – XX əsrin faciəsi” sərlövhəli məqaləsi dərc olunub.

Arxiv üzrə axtarış