2021-05-26

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı

25 may 2021-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan xarakteri daşıdığı, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib.

Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir.

Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.

Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır.

Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq.

Arxiv üzrə axtarış