2022-07-01

Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri

Ümummilli Lider Heydər Əliyevin Şuşa şəhərinin azərbaycanlılar üçün əhəmiyyətini səciyyələndirən “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə, Azərbaycan yoxdur” sözləri ilə başlanan məqalədə, Qarabağın tacı Şuşa şəhərindən bəhs olunub.

Bildirilib ki, əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri əsaslı inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb, sürətlə inkişaf edərək Azərbaycanın ən böyük iqtisadi mərkəzlərindən birinə çevrilib.

Ötən əsrin 70-ci illərində Şuşa şəhərinin sürətli inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlı olduğu, Ulu Öndər tərəfindən şəhərin inkişafı ilə əlaqədar xüsusi qərarların qəbul edildiyi barədə məlumat verilib. Qeyd edilib ki, böyük sənaye şəhəri olan Şuşanın ərazisində istehsalat zavodu, Qarabağ ipək kombinatının toxuculuq sexi, şərq musiqi alətləri istehsalı fabriki, turizm obyektləri, uşaq sağlamlıq düşərgələri, çoxlu sayda müxtəlif ədəbi-musiqi cəmiyyətləri və məşhur Şuşa muğam məktəbi fəaliyyət göstərirdi. Azərbaycanın tanınmış şəxslərinin məqbərələrinin və muzeylərin, memarlıq, dini, mədəni irs abidələri - Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin, Xan qızı, şairə Xurşidbanu Natəvanın evlərinin Şuşada yerləşdiyi də diqqətə çatdırılıb. Müəllif bildirib ki, strateji mövqeyi ilə seçilən Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və Azərbaycana hərbi təcavüz edilib. İşğal zamanı yüzlərlə tarixi və mədəni abidələr dağıdılıb, şəhərə ciddi ziyan dəyib.

Səfir ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi, Ermənistanın indiki paytaxtı Yerevanın qədim Azərbaycan torpağı olmasına dair tarixi faktları bir daha açıqlayıb. Bildirilib ki, 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasında məqsəd bu ərazilərin erməniləşdirilməsi ilə bərabər, qədim Azərbaycan şəhəri Şuşanın da vilayətin tərkibinə daxil edilməsi olub. Lakin, buna nail ola bilməmişlər. İşğal dövründə - son 28 ildə mənfur düşmən nə qədər çalışsa da Şuşanın milli ruhunu, simasını dəyişdirə bilmədi. Haqq işimiz uğrunda mübarizə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Şuşada qazanılan Qələbə xalqımızın qəhrəmanlıq ruhunun təntənəsi oldu və tariximizə Qələbə Günü kimi yazıldı.

Həmçinin vurğulanıb ki, bu gün təkcə Şuşa deyil, işğaldan azad edilmiş bütün ərazilər bərpa olunur. Şuşada şəhərin əsl tarixi simasını bərpa etmək üçün nəhəng layihələr və quruculuq işləri həyata keçirilir.

Səfir vurğulayıb ki, işğaldan azad olunduqdan sonra keçən qısa müddətdə Şuşada “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa olunub, həmçinin bu qədim Azərbaycan yurdu bir sıra mühüm tədbirlərə ev sahibliyi edib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edilməsi, eləcə də 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamlar imzaladığı da qeyd olunub. Eyni zamanda, TÜRKSOY-un Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının paytaxtı seçildiyi barədə də məlumat verilib. Şuşanın işğaldan azad edildiyi günün - noyabrın 8-nin Azərbaycanda rəsmi dövlət bayramı - Qələbə Günü kimi qeyd olunduğunu bildirən müəllif, sonda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin tarixdə xalqa müraciətində söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin xalqımız tərəfindən böyük iftixar hissi ilə qarşılandığını da qeyd edib.

https://ultima-ora.ro/orasul-susa-capitala-culturala-a-azerbaidjanului/ 

Arxiv üzrə axtarış