Vətən müharibəsində Qələbənin ikinci ildönümü
Məqalədə Azərbaycanın noyabrın 8-də Zəfər Gününün ikinci ildönümünü böyük sevinc və qürurla qeyd etdiyini, iki il əvvəl Azərbaycan Ordusunun Şuşa şəhərini və digər işğal altında olan əraziləri Ermənistanın işğalından azad etdiyi qeyd olunub.
Yazıda Şuşanın 1992-ci il mayın 8-də işğal edildiyi bildirilib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatı çərçivəsində əks-hücuma keçərək, işğal altında olan torpaqları azad edərək, Rusiyanın vasitəçiliyi ilə atəşkəslə başa çatan 44 günlük müharibədə Ermənistan ordusunu darmadağın etdiyi vurğulanıb. Azərbaycanda sentyabrın 27-nin müharibədə şəhid olanların xatirəsinə Anım Günü elan edildiyi qeyd olunub. Müəllif 44 günlük Vətən müharibəsi haqqında, azad edilmiş ərazilər və məntəqələr, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat barədə geniş məlumat verib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təsis olunduğu məqalədə qeyd edilib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən, yeni layihələrdən də söz açılıb.
Müəllif qeyd edib ki, iki ölkə arasında müharibənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı təxribat və cinayətlər törətməkdə davam edir, bununla da regional sülh və təhlükəsizliyi təhdid edir. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə basdırılmış yüz minlərlə tank və piyada əleyhinə minaların dəqiq xəritələrini tam şəkildə açıqlamaqdan, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan davamlı imtina etməsi münaqişədən sonrakı normallaşma prosesinə ziyan vurur. Müharibə başa çatdıqdan sonra Azərbaycan hakimiyyəti dəfələrlə Ermənistan tərəfini ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə böyük sülh sazişi imzalamağa çağırıb. Lakin erməni tərəfi indiyədək müxtəlif bəhanələrlə sülh təkliflərini qəbul etməkdən yayınıb. Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında cari ildə baş tutan görüşlərdə Avropa tərəfi Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına, nəqliyyat dəhlizlərinin açılması, habelə sərhədlərin delimitasiyası və demarkasiyasına dəstək verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan beş prinsip müəyyən etdiyini qeyd edərək, sülh sazişinin inkişafında prinsiplərin əsas rol oynadığını vurğulayıb.
Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin bacarıqlı rəhbərliyi ilə Ordumuzun Qarabağın erməni işğalından azad edilməsində mühüm uğurlara imza atdığını qeyd edən müəllif, Zəfər Gününün ikinci ildönümünün qeyd edilməsinin bütün dünyada yaşayan azərbaycanlılar üçün qürurverici an olduğunu vurğulayıb.
https://ultima-ora.ro/a-doua-aniversare-a-victoriei-in-razboiul-patriotic/