Azərbaycan Xalqının Ümummilli Liderinin vəfatından 19 il ötür.
Məqalədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur, Ümummilli Liderin ömür yolu, Azərbaycan dövlətinin quruculuğunda, o cümlədən müasir Azərbaycanın bütün sahələrində müstəsna xidmətləri barədə geniş məlumat verilir. Ulu Öndərin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda keçirilən islahatlar, əldə olunan nailiyyətlərdən söz açan müəllif, onun səmərəli siyasəti nəticəsində 20-ci əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilərək zənginləşdirildiyini, inamla irəliləyən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin mümkün olduğunu, ölkəmizin dinamik iqtisadi inkişaf və yüksəliş yolunda beynəlxalq nüfuzunun sürətlə yüksəldiyini qeyd edir.
Səfir məqalədə bildirir ki, Ulu Öndər Heydər Əliyev ölkəmizin ən çətin bir vaxtında Azərbaycan xalqının tələbi ilə rəhbərliyə qayıdaraq respublikanı tənəzzüldən və böhrandan çıxarıb, ölkəmizin müasir inkişafının bünövrəsini qoyub, müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi şöhrət qazanıb, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib. Heydər Əliyev dünya şöhrətli və böyük nüfuza malik siyasi xadim kimi xarakterizə edilərək, onun Azərbaycanın hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlərin uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.
Həmçinin diplomat Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində ölkəmizin bütün sahələrdə dinamik inkişafını diqqətə çatdırıb.
Məqalədə bildirilir ki, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Səfir qeyd edib ki, müstəqil Azərbaycan Ümummilli Liderin bugünkü və gələcək nəsillərə böyük hədiyyəsidir, onun irsi xalqımızın milli sərvətidir və bu müqəddəs irsi qoruyub saxlamaq hər bir Azərbaycan vətəndaşının borcudur.