2023-01-20

Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş qanlı 20 Yanvar 1990-cı il hadisələrindən 33 il ötür.

Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş qanlı 20 Yanvar 1990-cı il hadisələrindən 33 il ötür” sərlövhəli məqaləsini dərc edib.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlərdən bəhs edilib, bu faciənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğu qeyd olunub. Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyi diqqətə çatdırılıb. Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları və 300 mindən artıq soydaşımızın Ermənistan ərazisindən qovulması barədə məlumat verilib. 1980-ci illərin sonlarında Azərbaycan da daxil olmaqla sovet respublikalarında milli azadlıq hərəkatının canlandığı, SSRİ rəhbərliyinin məsələnin siyasi yolla həllinin mümkünsüz olmasını anladığı və əvəzində terrora əl atdığı bildirilib.

Müəllif 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etirazını bildirdiyini, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini vurğulayıb. Bildirilib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisə ilə bağlı” qərar qəbul edilib və o vaxtdan 20 Yanvar Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub. Bu hadisələr bütün dünyaya sübut edib ki, Azərbaycan xalqı ədaləti bərpa etməyə, ləyaqətini qorumağa qadirdir.

Diqqətə çatdırılıb ki, hər il yanvarın 20-də ölkənin hər yerindən insanlar Bakının ən hündür nöqtəsində yerləşən Şəhidlər xiyabanında toplaşaraq, Qara Yanvar faciəsi şəhidlərinin xatirəsini yad edirlər.

Arxiv üzrə axtarış