Rumıniyanın nüfuzlu “Punctul Critic” elmi jurnalı Azərbaycanın Rumıniyadakı səfiri Dr. Hüseyn N. Nəcəfovun “Avropanın enerji təhlükəsizliyinin diversifikasiyasında Azərbaycanın rolu” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə ölkəmizdə neft sənayesinin tarixindən, neft və qaz ehtiyatları, eləcə də yaşıl enerji potensialı barədə geniş məlumat verilib. Ölkəmizdə neft sənayesinin müxtəlif tarixi dövrlərdə inkişafından bəhs edilərək, Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neftin XX əsrin ortalarında Neft Daşlarında çıxarıldığı bildirilib. Habelə, ölkəmizin hazırkı neft və qaz ehtiyatları təhlil edilib, son illər ərzində dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq enerji layihələri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, zəngin enerji resurslarına sahib olmasına baxmayaraq, ölkəmizdə son dövrdə yaşıl energetika sahəsinin inkişafı istiqamətində atılmış addımlardan danışılıb.
Müəllif dövlət müstəqilliyimizin bərpa olunmasından sonra Azərbaycanda enerji sahəsində həyata keçirilmiş işlərdən bəhs edib. Bu xüsusda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə imzalanmış beynəlxalq müqavilələr barədə məlumat verilib. Bu siyasətin nəticəsi kimi, qısa dövrdə mühüm sosial-iqtisadi göstəricilərə nail olan Azərbaycanın regionda lider dövlətə çevrilməsi və qlobal miqyasda böyük narahatlıq doğuran enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı mövqeyə nail olduğu vurğulanıb.
Qeyd edilib ki, "Əsrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Bu xüsusda, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi”nin tarixə Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsi kimi yazıldığı vurğulanıb. Sözügedən müqavilənin qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olduğu qeyd olunub.
Məqalədə Ulu Öndər Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, habelə 2018-ci ildən istismarda olan Cənub Qaz Dəhlizi barədə ətraflı məlumat verilib. Bu xüsusda hazırda sözügedən enerji dəhlizi vasitəsilə Xəzər dənizindən hasil olunan təbii qazın birbaşa Avropa İttifaqı bazarlarına ixrac olunduğu qeyd olunub. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyət aparmasının onu regional enerji mərkəzinə çevirdiyi vurğulanıb.
Azərbaycan və Rumıniya arasında enerji təhlükəsizliyi sahəsində yeni bir səhifənin açıldığını qeyd edən səfir, 2022-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakını nəzərdə tutan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması barədə məlumat verib, sözügedən razılaşmaların Azərbaycanla Rumıniya arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verdiyini vurğulayıb.
PUNCTUL CRITIC - Rolul Azerbaidjanului în diversificarea securității energetice a Europei.