2023-02-24

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Buxarestdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov Xocalı soyqırımı, onun ağır nəticələri, beynəlxalq müstəvidə verilmiş qiymət və bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib.

Diplomat qeyd edib ki, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə düzgün siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti tərəfindən 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilib.

Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisi və mülki şəxslərinə qarşı yönəlmiş cinayət və terrorçuluq fəaliyyətinin XXI əsrdə də davam etdirildiyi iştirakçıların diqqətinə çatdırıb.

H.Nəcəfov qeyd edib ki, Vətən müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərən rəşadətli Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri arasında Xocalı soyqırımının cəlladları da olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi ilə İkinci Qarabağ müharibəsi Azərbaycanın inamlı qələbəsi ilə başa çatıb.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib, eyni zamanda, soyqırımı barədə fotosərgi təşkil olunub. Həmçinin Xocalıda törədilən vəhşilikləri, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın mülki əhalisinə qarşı həyata keçirilən terror aktlarını özündə əks etdirən fotoşəkillər, Xocalı soyqırımı barədə rumın və ingilis dillərdə materiallar, kitablar tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, Rumıniyanın “Ultima Ora” xəbər portalı Xocalı soyqırımına həsr olunmuş “Xocalı soyqırımı” sərlövhəli məqalə yayıb.

 

https://azertag.az/xeber/Ruminiyada_Xocali_soyqirimi_ile_elaqedar_tedbir_kechirilib_sergi_teskil_olunub-2503952 

Arxiv üzrə axtarış